Gənc müəllimlərlə görüş keçirilib

Gənc müəllimlərlə görüş keçirilib Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ümumi təhsil müəssisələrinin gənc müəllimləri ilə görüş keçirilib.
Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva gənc müəllimləri təbrik edib, Azərbaycan Gəncləri Gününün tarixindən, Ulu Öndərin gəncliyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub.
İdarə müdiri ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını və bu istiqamətdə çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini vurğulayıb.
Mehriban Vəliyeva son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirildiyini qeyd edib, hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildirib.
O, Vətən müharibəsində qəhrəmanlıq tariximizin yeni salnaməsini yazanlar arasında gənc müəllimlərin, həmçinin onların yetirmələrinin də olmasının qürurverici olduğunu söyləyib. Cəbhədə qəhrəmanlıq göstərən əsgərlərin vətənpərvərlik ruhunda böyüməsində ailələri ilə bərabər, müəllimlərin də böyük rolu olduğunu deyib.
Müasir dövrün tələbinə uyğun olaraq gənc müəllimlərin sosial şəbəkələrdə də fəallığının əhəmiyyətinə toxunan idarə müdiri onların nümunəsində müəllim nüfuzunun daha da yüksələcəyinə əminliyini ifadə edib. Həmçinin təhsil reallıqlarının və diqqətçəkən örnəklərin sosial şəbəkələr vasitəsilə təqdim olunmasının faydalı ola biləcəyini nəzərə çatdırıb.
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Etibar Əliyev, Pərvanə Məmmədova və digər qonaqlar gənc müəllimləri təbrik edərək, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin rolundan bəhs ediblər. Bildiriblər ki, gənc müəllimlərin özünü inkişaf etdirməsində belə görüşlər mühüm əhəmiyyət daşıyır.
Görüşdə iştirak edən gənc müəllimlər göstərilən diqqətə görə öz təşəkkürlərini bildirib və bundan sonrakı fəaliyyətlərində də daha hərtərəfli gənclərin yetişdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.
Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb, gənc müəllimləri düşündürən məsələlərə aydınlıq gətirilib.

Tehsil-press.az


Oxşar xəbərlər