Dövlət İdarəçilik Akademiyasında “Hüquq ədəbiyyatı kitabxanası”nın açılış mərasimi keçirilib

Dövlət İdarəçilik Akademiyasında “Hüquq ədəbiyyatı kitabxanası”nın açılış mərasimi keçirilib Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Hüquq fakültəsi üçün yaradılan “Hüquq ədəbiyyatı kitabxanası”nın açılış mərasimi keçirilib.
Kitabxana Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü, Azərbaycan Respublikası Vəkillər Kollegiyası və “Black Garden” konsultasiya şirkətinin dəstəyi ilə təşkil olunub. Kitabxana BP Azərbaycan şirkəti tərəfindən kitablarla təmin edilib.
Mərasimdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov ölkəmizdə elm və təhsilə daim böyük önəm verildiyini vurğulayıb.
Rektor Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızın dinamik inkişaf etdiyini, dünya ölkələri arasında özünə layiq yer tutduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan Respublikası bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdırır.
Akademik vurğulayıb ki, inklüziv inkişaf sahəsində respublikamızın yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya ölkələrinə nümunə olmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri əvəzsizdir.
U.Ələkbərov qazanılan uğurların Vətən müharibəsindəki parlaq Zəfərdə böyük payının olduğunu deyib. Vurğulanıb ki, ölkənin davamlı inkişafı innovativ dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatların nəticəsidir.
Rektor DİA-da yaradılan “Hüquq ədəbiyyatı kitabxanası”nın əhəmiyyətindən bəhs edib.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov cəmiyyətdə elmin, təhsilin mühüm rolundan danışıb, Prezident İlham Əliyevin bu sahənin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Vəkillər Kollegiyasının ali təhsil müəssisələri, o cümlədən Dövlət İdarəçilik Akademiyası ilə əlaqələri barədə ətraflı məlumat verən A.Bağırov əməkdaşlıq çərçivəsində səmərəli tədbirlərin reallaşdırıldığını deyib. DİA-nın Hüquq fakültəsi tələbələrinin, gənc hüquqşünasların Vəkillər Kollegiyasında təcrübə keçdiklərini qeyd edən Anar Bağırov qurum tərəfindən onlara daim dəstək veriləcəyini bildirib. O, professor və müəllimlərə, tələbələrə uğurlar arzulayıb.
BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Hüquq ədəbiyyatı kitabxanası”nın təhsilin inkişafına töhfə verəcəyinə əminliyini söyləyib. O, elmə, təhsilə daim dəstək göstərilməsinin əhəmiyyətindən bəhs edib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Kamal Cəfərov ölkəmizdə elmin, təhsilin inkişafı üçün geniş imkanlar yaradıldığını deyib. Deputat gənclərin təhsildə, elmdə uğurlar qazanmasının, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsinin əhəmiyyətini diqqətə çatdırıb. DİA-da yaradılan “Hüquq ədəbiyyatı kitabxanası” haqqında danışan Kamal Cəfərov onun daha da zənginləşdiriləcəyinə inamını ifadə edib.

Tehsil-press.az



Oxşar xəbərlər