
Bu barədə fikirlərini bölüşən Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Nuranə Abdullazadə deyib: “Suqovuşan su anbarı vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib. Torpaqlarımız işğaldan azad edildikdən sonra burada da tikinti-quruculuq işləri aparılır. Məktəbin əsaslı təmir ediləcəyi xəbəri Tərtər təhsil işçilərini, oradan məcburi köçkün düşmüş əhalini çox sevindirdi. Ərazisi bir hektar olan məktəb 12 sinif otağından, 60 nəfərlik akt zalından və kitabxanadan ibarətdir. Məktəb özü dördmərtəbəli binadır. Əsaslı təmir başa çatdıqdan sonra məktəbdə təhsil yenidən canlanacaq. Biz Tərtər Təhsil Şöbəsi adından Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda, Tərtər təhsil işçiləri adından söz veririk ki, həmin məktəbdə şagirdlərin vətənpərvər ruhda böyüməsinə daim dəstək göstərəcəyik, onların yanında olacağıq. Təkcə şagirdlərin deyil, onlara təhsil verən, şagirdləri vətənpərvər ruhda böyüdəcək müəllimlərin də daim yanında olacağıq, əlimizdən gələn köməyi edəcəyik”.
Tehsil-press.az