Dövlət İmtahan Mərkəzində xüsusi qabiliyyət imtahanları ilə bağlı müzakirə aparılıb

Dövlət İmtahan Mərkəzində xüsusi qabiliyyət imtahanları ilə bağlı müzakirə aparılıb Dövlət İmtahan Mərkəzində (DİM) təsviri sənət və memarlıq istiqamətləri üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarını müzakirə etmək məqsədilə bir sıra ali təhsil müəssisələrinin rəhbər şəxsləri ilə görüş keçirilib.
Görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektorları Azad Zeynalov və Fuad Salayev, Qrafika kafedrasının müdiri Rəsul Hüseynli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, ali təhsil müəssisələrinin ekspertləri və DİM-in İmtahanların təşkili və idarə edilməsi departamentinin müdiri Azər Bağırov iştirak ediblər.
Görüş iştirakçıları xüsusi qabiliyyət imtahanları ilə bağlı fikir mübadiləsi aparıb. İclasın yekununda cari ildə təsviri sənət və memarlıq istiqamətlərinə aid komissiyalarda imtahan fənləri və qabiliyyət imtahanı proqramları təsdiq olunub.
Abituriyentlərin nəzərinə çatdırılır ki, qabiliyyət imtahanları üzrə qəbul proqramları yaxın günlərdə “Xüsusi qabiliyyət imtahanları” jurnalında dərc olunacaq.
İştirakçılar görüşdən sonra DİM-də yaradılan və ölkəmizin milli qiymətləndirmə üzrə tarixini əks etdirən muzeylə tanış olublar.

Tehsil-press.az


Oxşar xəbərlər