Pedaqoji Universitetin Şəki filialında Psixologiya gecəsi təşkil edilib

Pedaqoji Universitetin Şəki filialında Psixologiya gecəsi təşkil edilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Gənc Psixoloqlar Birliyinin (GPB) təşkilatçılığı ilə Psixologiya gecəsi keçirilib.
Tədbirdə əvvəlcə birliyin fəaliyyəti haqqında videoçarx nümayiş olunub.
Sonra GPB-nin üzvləri – “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının tələbələri Nurcahan Rüstəmzalovanın “Davranışımıza təsir edən hisslər”, Şəbnəm Qədirovanın “Stres nədir və həyatımıza təsiri”, Jalə Əliyevanın “Qəzəb hissinin orqanizmə təsiri”, İlknur Məhərrəmova və Nəzrin Məhərrəmovanın “Sevginin həyatımızdakı önəmi” mövzusunda çıxışları dinlənilib. Həmin ixtisasın tələbələri tərəfindən səhnələşdirilmiş “İmtahan stresi”, “Qəzəbini idarə etməyən insanın yaşadığı çətinliklər”, “Sevgisiz böyüyən uşaqlar” adlı psixodramalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Gecə Humay Saatova və Şəbnəm Qədirovanın ifasında ədəbi-bədii kompozisiya ilə başa çatıb.
Tədbirdə tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva, elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev, Ümumelmi fənlər kafedrasının müdiri dosent Sədrəddin Bədiyev GPB-nin həyata keçirdiyi işlərin, təşkil etdikləri maraqlı tədbirlərin əhəmiyyətindən bəhs edib və birliyin işinə uğurlar arzulayıblar.
Məqsədyönlü fəaliyyətinə və tələbələrin elmi tədqiqat fəaliyyətinə göstərdiyi dəstəyə görə GPB rəhbərliyinə fəxri fərman təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər