Rektor cari tədris ilində universitetdə 9 ixtisas üzrə pedaqoji kadr hazırlığının həyata keçirildiyini, bu ixtisaslarda təhsil alanların ümumi sayının 4040 nəfər təşkil etdiyini, onlardan 914 nəfərinin buraxılış kurs tələbələri olduğunu, təcrübələrin fevral-may aylarında üçtərəfli müqavilələr əsasında reallaşdığını diqqətə çatdırıb. Akademik A.Məhərrəmov orta məktəb və lisey rəhbərlərinə tələbələrə təcrübə müddətində yaratdıqları əlverişli şəraitə görə təşəkkür edib.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyevanın moderatorluğu ilə davam edən tədbirdə BDU-nun Karyera, praktika və məzunlarla əlaqə mərkəzinin müdiri, dosent Adil Xasayev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov, “Gənc istedadlar” liseyinin direktoru, professor Qasım Hüseynov, Yasamal rayonu 158 saylı orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, Qərənfil Bəxtiyarova, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi, tarix fənni üzrə metodist, dosent Mətanət Məmmədova və BDU-nun Tətbiqi–riyaziyyat kafedrasının müəllimi, informatika fənni üzrə metodist, dosent Sadiq Həşimov çıxış ediblər. Onlar “Pedaqoji təcrübənin aparılma səviyyəsi və texnologiyası”, “Pedaqoji təcrübə - müəllim kadrları hazırlığının ilk mərhələsi kimi”, “Pedaqoji təcrübənin təşkili və keçirilməsi”, “Pedaqoji təcrübənin aparılması və gedişinə nəzarət”, “Pedaqoji təcrübədə tələbələrin əldə etdikləri uğurlar”, “Tələbələrin dərslərə hazırlıq səviyyəsi” adlı mövzularda məruzələr ediblər.
Sonda pedaqoji təcrübəni uğurla başa vurmuş buraxılış kurs tələbələrinin “Müasir dərsdə psixoloji durum və ona rəhbərlik”, “Müasir şəraitdə formativ qiymətləndirmənin mahiyyəti”, “Təlimdə imtahan stressinin psixoloji xüsusiyyətləri” və s. mövzularda təqdimatları dinlənilib.
Hikmət Əliyev