Nobel mükafatı laureatları Səudiyyə Ərəbistanında bəşəriyyətin taleyüklü məsələlərini müzakirə ediblər

Nobel mükafatı laureatları Səudiyyə Ərəbistanında bəşəriyyətin taleyüklü məsələlərini müzakirə ediblər Səudiyyə Ərəbistanının UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş Heqra tarixi məkanında təşkil olunmuş konfransda iştirak edən bir qrup Nobel mükafatı laureatı silahlı münaqişə zonalarında bəşəriyyətin ortaq irsinin qorunması, iqtisadi tərəqqinin ekosistemə yaratdığı təhlükələri müzakirə edib.
“Sivilizasiyamızın qorunub saxlanması və ortaq irsin yox olmasının qarşısının alınması” mövzusunda aparılan müzakirələrdə çıxış edən Nobel mükafatı laureatları Cunq Çanq, Lex Valensa, Riqoberta Mençu-Tum və digərləri bəşəriyyətin üzləşdiyi ağır problemlər – silahlı münaqişələr, COVID-19 pandemiyası, iqlim dəyişikliyi fonunda meydana çıxan təhlükələr və onların aradan qaldırılması yollarından bəhs ediblər.
Konfrans iştirakçılarının dünya liderlərinə müraciətində bildirilir ki, qanlı müharibələr və silahlı münaqişələr insanları aclıq və səfalətə sürükləməklə yanaşı, eyni zamanda, bəşəriyyətin minillik ortaq irsini də məhv edir. Dini və etnik mənsubiyyəti, siyasi əqidəsindən asılı olmayaraq, bütün insanlar ümumi evimiz olan planetimizin xilası üçün səyləri birləşdirməlidir. Bunun yolu isə mədəniyyətlərarası və dinlərarası dialoqdan keçir.
Nobel mükafatı laureatları vurğulayıblar ki, fizika, genetika və digər mühüm sahələrdə aparılan elmi tədqiqatlar, xüsusən texnoloji tərəqqi, süni intellekt planetin və bəşəriyyətin məhvinə deyil, insanların rifahına xidmət etməlidir. Onların fikrincə, qarşıdakı on il insanlıq üçün taleyüklü olacaq və bu kontekstdə həlledici qərarlar qəbul edilməlidir.

Tehsil-press.az


Oxşar xəbərlər