Beynəlxalq olimpiadalarda ölkəmizi təmsil edəcək komandaların seçmə imtahanları keçirilib

Beynəlxalq olimpiadalarda ölkəmizi təmsil edəcək komandaların seçmə imtahanları keçirilib Cari tədris ilində riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə müvafiq beynəlxalq olimpiadalarda ölkəmizi təmsil edəcək komandaların seçmə imtahanları keçirilib.
İyulun 6-da 16-dək Norveçdə təşkil ediləcək Beynəlxalq Riyaziyyat Olimpiadasına seçmə imtahanı Bakı Modern Təhsil Kompleksində keçirilib. İmtahana tədris ilinin əvvəlindən hazırlıq prosesində iştirak etmiş, əvvəlki illərdə respublika üzrə qalib olmuş şagirdlər dəvət ediliblər. İki gün ərzində keçirilən seçmə imtahanları, yoxlama və koordinasiya prosesi yekunlaşıb və ölkəmizi təmsil edəcək komanda üzvləri artıq məlumdur.
İyunun 28-dən iyulun 3-dək Bosniyada keçiriləcək yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək komandanın müəyyənləşdirilməsi üçün Fizika-riyaziyyat və informatika təmayüllü liseydə seçmə imtahanı keçirilib. Seçmə imtahana cari tədris ilində riyaziyyat fənnindən aşağı yaş qrupu üzrə qalib olan şagirdlər dəvət ediliblər.
Avqustun 7-15-də İndoneziyada Beynəlxalq İnformatika Olimpiadasında ölkəmizi təmsil edəcək komandanın müəyyənləşdirilməsi məqsədilə ADA Universitetində 2 seçmə imtahanı təşkil olunub.
Çində keçiriləcək Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək komandanın seçimi üçün iyulun 11-də Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində seçmə imtahanı təşkil edilib.
Belarusda təşkil olunacaq Beynəlxalq Fizika Olimpiadasında ölkəmizi təmsil edəcək 5 nəfər şagirdin müəyyənləşdirilməsi məqsədilə 2 seçmə imtahanı Təhsil Texnologiyaları Mərkəzində keçirilib. İmtahan, yoxlama və yazı işlərinin münsiflər heyətinin iştirakı ilə müzakirəsi prosesi yekunlaşıb və komandanın tərkibi müəyyənləşib.

Tehsil-press.az


Oxşar xəbərlər