BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng” Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində “Son zəng” tədbiri keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev məzunları, onların valideynlərini, müəllimləri təbrik edib. Rektor bildirib ki, “Gənc istedadlar” liseyinin əsas məqsədi istedadlı, bacarıqlı gənclər yetişdirməkdən ibarətdir. E.Babayev məzunlara uğurlar arzulayıb. “Həmişə ölkəmizin, Bakı Dövlət Universitetinin və “Gənc istedadlar” liseyinin adını yüksəklərə qaldırın”, - deyə rektor qeyd edib.
Sonra E.Babayev məzunlardan 56-cı Beynəlxalq Mendeleyev Olimpiadasının gümüş mükafatçısı Nəriman Şirinliyə və Avropa Fizika Olimpiadasının bürünc medalçısı Rəfsan Həbibullayevə hədiyyələr təqdim edib.
Liseyin direktoru Arif Bağırov çıxışında deyib ki, bu il təhsil müəssisəsini 65 məzun bitirir. Onlardan 41-i Azərbaycan, 24-ü rus bölməsinin məzunudur. Bu il “Sabahın alimləri” müsabiqəsində şagirdlərdən 3-ü qızıl, 5-i gümüş, 3-ü bürünc medal qazanaraq ölkə birincisi olublar. I yeri tutan 3 layihə 4 şagirdlə ölkəmizi ABŞ-da keçirilən ISEF beynəlxalq müsabiqəsində təmsil edib. Liseyin şagirdləri Beynəlxalq Mendeleyev Olimpiadasında, Avropa Fizika Olimpiadasında, Respublika fənn olimpiadalarında önəmli yerlər tutublar.
Liseyin Riyaziyyat müəllimi Haqverdi Tapdıqov, əvvəlki illərin məzunu Güllü Qəhrəmanova , valideyn Sübhan Namazov, sinif rəhbərləri Günay Məmmədova, Reyhan Ramazanova, Yeganə Qəhrəmanova, Sənay Hüseynli və Günay Səmədova məzunları təbrik ediblər.
Sonra ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər