
Tədbirdə bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov liseydə qazanılan uğurlardan danışıb. Bu il liseyi bitirən 52 şagirddən 11-nin qızıl medala layiq görüldüyünü diqqətə çatdıran rektor, eyni zamanda, ali məktəblərə qəbul imtahanında 20 məzunun 600-dən yuxarı bal topladığını, 7 nəfərin isə fərqlənmə attestatı aldığını söyləyib.
Qeyd edilib ki, liseyin məzunları arasında xarici ölkələrin, o cümlədən Türkiyə, Almaniya, ABŞ və Estoniyanın nüfuzlu universitetlərinə qəbul olunanlar da var.
“Sabahın alimləri” müsabiqəsində 2 nəfər birinci, 8 nəfər isə ikinci yeri tutub.
Liseyin direktoru, professor Qasım Hüseynov bu il liseyin 5-ci sinfinə qəbul olunmaq üçün 900 şagirdin müraciət etdiyini vurğulayıb.
Liseyə qəbul imtahanında yüksək bal toplamış Əkbər Həbibullayev, valideynlər adından Ülviyyə Hüseynova, məzunlar adından isə liseyi qızıl medalla bitirmiş və BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə daxil olmuş Rəvan Axundov çıxış edərək müəllim və şagirdlərə yeni tədris ilində uğurlar arzulayıblar.
Mətbuat Xidməti