
Bu barədə jurnalist Heydər Oğuz məlumat verib.
“Azərbaycan Nazirlər Kabinetinin planlaşdırmasına uyğun olaraq, 2015-2016-ci illərdə Ordubadda su elektrik stansiyası tikiləcəkdi. Bunun üçün Culfada yaradılan su anbarına Arazdan beton kanallarla su çəkiləcəkdi. Uzunluğu 35-40 km. olması planlaşdırılan bu su anbarına toplanan su elekrtik istehsalından sonra yenidən Ordubada doğru axaraq, Araz çayına töküləcəkdi. Nəticədə Naxçıvan həm öz imkanları ilə elektrik istehsal edəcək, həm də kanal ətrafında yerləşən kənd sakinləri təsərrüfatlarını suvarmaq imkanı qazanacaqdı. Təbii ki, bu planın reallaşması üçün həmin su anbarın qarşısında elektrik turbini də qurulacaqdı. Qısası, böyük layihədən söhbət gedir və yəqin ki, Azərbaycan büdcəsindən bu işə külli miqdarda vəsait ayrılır. Layihənin icrası Talıbovların ailə şirkəti “Gəmiqaya”ya tapşırılır. Şirkət isə Ordubadda 3-4 km. yol çəkdikdən sonra işi buraxır və layihə yarımçıq qalır. Səbəbi mərkəzi büdcədən ayrılan vəsaitin o zamanın MR maliyyə naziri Səbuhinin əmri ilə Naxçıvanın abadlaşdırılmasına xərclənməsi imiş. “Azərbaycan mərkəz büdcədən ayrılan vəsaiti təyinatı üzrə xərcləməyib. Şəhərdə məhəllələrə 3-4 dəfə asfalt salaraq, divarları boyayaraq ayrılan vəsaiti həzmi-rabedən keçiriblər”, - mənbəmiz belə deyir. Bildirildiyinə görə, bir neçə ildən sonra layihənin necə icra olunduğunu yoxlamaq üçün paytaxtdan Naxçıvana müfəttişlər gəlir. Azərbaycanın Maliyyə Nazirliyinin göndərdiyi müfəttişlər Culfada nə qədər axtarsalarda, su anbarını tapa bilmirlər. Həmkarları Səbuhi müəllimdən bunun səbəbini soruşurlar. O da təbii ki, pulu Naxçıvan şəhərinin abadlaşdırılmasına xərclədiklərini bildirir. Müfəttişlərin bəs “biz hesabatda nə yazaq” sualına isə Səbuhi Məmmədov maraqlı və həyatını dəyişdirdirən cavab verir: “Pulu bizə ayırmışdınız, biz də vacib bildiyimiz yerə xərcləmişik. Əcəb eləmişik. Gedin, nə yazırsınız, yazın”. Səbuhi Məmmədovun paytaxtdan gələn qonaqlara bu cavabı “xan” həzrətlərinin o qədər xoşuna gəlir ki, Baş naziri işdən çıxarıb Səbuhi müəllimi onun yerinə qoyur”, - o qeyd edib.
Tehsil-press.az