BDU-da elmi mühazirə: Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərində Novruz

BDU-da elmi mühazirə: Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərində Novruz Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərində Novruz” mövzusunda elmi mühazirə təşkil olunub.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi dosent Qürbət Mirzəzadə məruzə ilə çıxış edib. Q.Mirzəzadə Novruz bayramının son illər xalqımız tərəfindən daha yüksək əhvali-ruhiyyədə qeyd edildiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız tarixi Zəfər nəticəsində bu gün azad Qarabağımızda bayram tonqalları qalanır.
Q.Mirzəzadə Novruz bayramının türk xalqlarının həyatındakı yeri, Novruz adət-ənənələri, atributları barədə ətraflı məlumat verib. Vurğulanıb ki, folklor nümunələrimizdə, şair və yazıçılarımızın əsərlərində baharın təsviri, Novruz adətlərinin təbliği daim geniş yer alıb: “Şair və yazıçılarımızın əsərlərindəki təbiət obrazlarında baharın tərənnümü xüsusi xətt təşkil edir. Eyni zamanda, ədiblərimiz baharı yalnız fəsil dəyişməsi kimi deyil, ictimai məzmunu ilə qələmə alıblar, onu xoşbəxt gələcəyin simvolu kimi təqdim ediblər. Bu əsərlərdə bahar yeni dünyanın metaforu, yeni arzular, həyat nişanəsi kimi obrazlaşıb”.
Q.Mirzəzadə Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Aşıq Ələsgər, Məhəmmədhüseyn Şəhriyar, Səməd Vurğun və başqalarının yaradıcılığından nümunələr səsləndirməklə fikirlərini əsaslandırıb.
Sonda tələbələrinin ifasında bahara həsr olunmuş şeirlər səsləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər