Macarıstan Milli Assambleyasının sədr müavini ADU-da olub

Macarıstan Milli Assambleyasının sədr müavini ADU-da olub Azərbaycan Dillər Universitetində (ADU) Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejakla görüş keçirilib.
Qonaqla görüşdə ADU-nun rektoru akademik Kamal Abdulla qeyd edib ki, Azərbaycan və Macarıstan dost ölkələrdir. Qarşılıqlı etimada və dəstəyə əsaslanan elmi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıq dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. “Biz çox şadıq ki, sizi universitetimizdə qonaq qismində qarşılayırıq. Bizim macar həmkarlarımızla sıx əlaqələrimiz var. İstərdik ki, elmi və mədəni əlaqələrimiz daha da inkişaf etsin. Bu əlaqələr müəllim və tələbə mübadiləsi çərçivəsində də baş tuta bilər. Beləliklə, tərəfdaşlıq və dostluq münasibətlərimizdə yeni səhifə açılmış olar”, - deyə rektor əlavə edib.
Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən qonaq Azərbaycanla Macarıstan arasında mövcud olan siyasi, iqtisadi, təhsil və digər sahələrdə fəal əməkdaşlıqdan söz açıb. Qeyd olunub ki, Macarıstanda ali təhsil müəssisələrinin idarəetməsində yeni yanaşmalar tətbiq olunur. Belə ki, universitetləri müəyyən fondlar idarə edir. Bu da hər hansı bir məsələ ilə bağlı daha operativ və adekvat addımların atılması üçün əlverişli imkanların olmasına şərait yaradır. O deyib: “Macarıstanın Keçkemik şəhərində fəaliyyət göstərən universitetlə əməkdaşlıq əlaqələrinin qurulması üçün uyğun imkanlar mövcuddur. Mənim həmin universitetlə əlaqələrim var. Biz bu əlaqələrin vermiş olduğu fürsətlərdən istifadə edib elmi əməkdaşlığımızı daha da genişləndirə bilərik”.
Rektor Kamal Abdulla qonağın fikirlərini yüksək qiymətləndirib və elmi əməkdaşlığın perspektivlərini önə çəkib. Qeyd olunub ki, ADU-da Macar dili və mədəniyyətini tədqiq edən mərkəz bu istiqamətdə önəmli rol oynaya bilər.
Daha sonra qonaq ADU-nun Macar dili və mədəniyyəti mərkəzi ilə tanış olub, tələbələrlə görüşüb. Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər