“Bu bir cinayətdir, araşdırılmalıdır, hüquqşünaslar bu məsələyə qarışmalıdır...”

“Bu bir cinayətdir, araşdırılmalıdır, hüquqşünaslar bu məsələyə qarışmalıdır...” “Xaricdə “Pəncərədən daş gəlir”-i ifa edəndə alman bizə deyir ki, niyə erməni mahnısı oxuyursunuz?”
“Əqli Mülkiyyət Agentliyi deyilən bir qurum var. Bütün müəlliflərin əsərləri hər yerdə səslənə bilər, amma ona görə müəllifin hüququ qorunmalıdır və o səslənməyə görə müəllif hansısa bir qonorar almalıdır. Bu bütün dünyada belədir. Hətta, Azərbaycan telekanalında hansısa xarici bir film nümayiş olunursa, onun mütləqdir ki, lisenziyası olsun. Lisenziyalı filmləri alanda çox böyük rüsum verirlər. Bir də var ki, pirat nüsxələr. Əlbəttə ki, piratlara qarşı mübarizə aparmalıyıq. Mən öz musiqimi bir filmdə görmüşdüm, heç adımı da yazmamışdılar. Yazmışdılar ki, filankəsin diskindən, filan musiqi. O musiqini axı mən yaratmışam. Rejissoru axtarıb tapıb dedim ki, siz məsləhətləşməli idiniz. Mən müəllif hüquqlarımı qoruyuram və öz qonorarımı alıram. Qanun pozularsa əlbəttə ki, artıq hüquqşünaslar bu məsələyə qarışmalıdır, araşdırılmalıdır. Bu artıq bir cinayətdir. Mənin bir çox əsərlərim Skandinaviyada ifa olunur. Radiolarda da səsləndirilir. Hər ifaya görə mənim ünvanıma qonorarlar gəlir. Mənim heç bu barədə məlumatım yoxdur, qonorar haqda düşünmürəm, sadəcə olaraq onlar mənim hüququmu qoruyurlar”.
Bunu xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi deyib.
“Müəllif əsəri yazıb ki, ifa olunsun. Bu dəqiqə incəsənətimizdə çox səviyyəsiz və dəbdə olan bir mövzu var. Mahnı oxumaq istəyirsənsə, mütləq müğənnidən icazə almalısan. Mahnı oxumağa nə icazə?! Mənim ürəyim istəyirsə, oxuyuram da. Niyə icazə almalıyam ki? Allah rəhmət etsin, Rəşid Behbudov gözəl mahnılar oxuyub. İndi ondan gedib icazəni necə alaq? Onlar haqq dünyasındadırlar. Əsər ona görə yazılır ki, ifa olunsun. Söz ki, sənin ağzından çıxdı, o sənin deyil, hamınındır. Nə qədər ki, sözü deməmisən, içində saxlamısan, o sənindir. Əlbəttə ki, o mahnını da yaxşı təbliğ etmək lazımdır. Pis təbliğat ümumiyyətlə nümayiş olunmamalıdır” deyə sənətkar deyib.
Xalq artisti Siyavuş Kərimi bildirib ki, Azərbaycan musiqisinin xarici ölkələrdə təbliğatı çox zəifdir.
“Allah Üzeyir Hacıbəyova rəhmət etsin. Həqiqəqətn də bizim musiqimiz çox zəngindir. Bizim musiqi mədəniyyətimizin hesabına bədnam qonşularımız öz mədəniyyətlərini formalaşdırdılar. Onların bu saat ifa etdiyi musiqilər Azərbaycan və türk musiqiləridir. Onlar bu musiqini çox böyük uğurla dünyada təbliğ edirlər. Bu işdə bir gün də olsun dayanmırlar. Amma biz dayanmışıq. Biz Almaniyaya gedib, Azərbaycan xalq mahnısı “Pəncərədən daş gəlir”-i ifa edəndə bizə Alman deyir ki, “siz niyə öz mahnınızı yox, erməni mahnısı ifa edirsiniz?”. Çünki onlar bunu təbliğ edirlər, biz təbliğ etmirik. Bizdə hansı kollektivin bu gün Azərbaycandan kənarda qastrol səfərində olduğunu deyə bilərsiniz?! Heç birinin! Bu sistem demək olar ki, işləmir. Bundan ermənilər çox məhrətlə istifadə edib Azərbaycan mədəniyyətini öz mədəniyyəti kimi istifadə edir. Belə bir vəziyyətə biz özümüz özümüzü salırıq. Biz öz mədəniyyətimizi necə qoruya bilərik? Tüfənglə?! Bu mümkün olan şey deyil” deyə xalq artisti bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər