Azərbaycanlı professor İtaliyada musiqi festivalının qonağı olub

Azərbaycanlı professor İtaliyada musiqi festivalının qonağı olub İtaliyanın Verçelli şəhərində məşhur bəstəkar və skripkaçı Viotti adına musiqi festivalının 2022/2023-cü illər konsert mövsümü “Dugentesco” salonunda möhtəşəm konsertlə başa çatıb. Konsertin tamaşaçıları arasında Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva da olub.
Verçelli şəhər merinin mədəniyyət tədbirləri üzrə müşaviri Gianna Baucero Rəhilə Qeybullayevanı səhnəyə dəvət edərək Viotti musiqi festivalının direktoru, şəhər orkestrinin dirijoru Guido Rimondanın diskini hədiyyə edib. O, azərbaycanlı alimdən Viottinin musiqisini və Verçelli xatirələrini Azərbaycanda və mühazirə oxuduğu bütün məkanlarda yaymağı xahiş edib.
Qeyd edək ki, professor Rəhilə Qeybullayeva Pyemont Universitetində “Azərbaycan dili və ədəbiyyatı: mədəniyyətlər arası paralellər” fənnini tədris edir, “Qafqaz və Azərbaycanın hekayələri və mədəniyyətləri” adlı silsilə mühazirələr oxuyur.
R.Qeybullayeva Beynəlxalq Semiotika Assosiasiyasının (ISA) İcraiyyə Komitəsinin seçkili üzvü, Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının təsisçilərindən biri və sədri, Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiridir. O, İngiltərə (London Universiteti) və ABŞ-da (Viskonsin Universiteti, Kaliforniya Universiteti, Harvard Universiteti) dəvətli professor kimi çalışıb.

Tehsil-press.az





Oxşar xəbərlər