Latviyanın RISEBA Universiteti AzMİU-nun təcrübəsindən faydalanmaq niyyətindədir

Latviyanın RISEBA Universiteti AzMİU-nun təcrübəsindən faydalanmaq niyyətindədir Latviyanın Azərbaycandakı səfirliyinin nümayəndələri – müşavirlər Viya Buşa və Elmira Mirzəyeva, həmçinin Latviyanın RISEBA Universitetinin Memarlıq və dizayn fakültəsinin müəllimi, “Studio Around” MMC-nin təsisçisi Reinis Predelis Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.
Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva ilə görüşdə qonaqlara AzMİU haqqında, xüsusilə universitetin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
Səfirlik nümayəndələri görüşə görə təşəkkür edib, AzMİU haqqında onlarda xoş təəssürat olduğunu bildiriblər.
Reinis Predelisi təmsil etdiyi universitetin memarlıq sahəsində AzMİU ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib. RISEBA Universitetində modernist üslubda çalışan mütəxəssislərin çox olduğunu, lakin memarlıq abidələrinin bərpası istiqamətində AzMİU-nun təcrübəsindən faydalanmaq istədiklərini diqqətə çatdırıb. O, gələcəkdə müəllim-tələbə mübadiləsi, ikili diplom proqramları üzrə əməkdaşlığa başlamaq, qarşılıqlı təcrübə imkanlarından yararlanmaq niyyətini dilə gətirib.
Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova qonaqları rəhbərlik etdiyi fakültənin tarixi, nəzdində olan kafedralar, ixtisaslar, dünyanın ən qabaqcıl və nüfuzlu universitetləri ilə memarlıq və dizayn sahəsində qurulan uğurlu əməkdaşlıqlar barədə məlumatlandırıb. Fakültədə mütəmadi olaraq xarici müəllimlərin mühazirə dediyini, elmi-tədqiqat işləri apardıqlarını onların diqqətinə çatdırıb.
Görüşdə Latviya universitetləri ilə əməkdaşlıq məsələləri və ikitərəfli əlaqələrin inkişaf perspektivləri, təcrübə mübadiləsi geniş müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qonaqlar daha sonra Memarlıq fakültəsi tələbələrinin memarlıq və dizayn üzrə beynəlxalq müsabiqələrə təqdim olunan uğurlu buraxılış işləri ilə tanış olublar.
Sonda RISEBA Universitetinin memarlıq və dizayn mövzusunda nəşrləri fakültəyə hədiyyə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər