“Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir” - elmi seminar

“Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir” - elmi seminar Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Azərbaycan tarixi kafedrası və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir” adlı elmi seminar keçirilib.
Seminarı universitetin rektoru professor Cəfər Cəfərov açaraq 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasının Azərbaycan tarixində önəmli hadisələrdən olduğunu vurğulayıb. Qeyd edib ki, Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik əsarətindən qurtulması Azərbaycan tarixinə şərəfli gün kimi yazılıb.
Elmi seminarda ADPU Azərbaycan tarixi kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova “Azərbaycan – Türkiyə: dövlətlərarası münasibətlər. Bakının qurtuluşu” adlı məruzəsində Azərbaycan-Türkiyə münasibətlərinin önəmindən bəhs edib. Qeyd edib ki, Azərbaycan-Türkiyə arasında 1918-ci ildə dövlətlərarası münasibətlər başlanğıc mərhələsində idisə, Vətən müharibəsində bu münasibətlər özünün ən yüksək zirvəsinə çatdı və 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi imzalandı.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycan Cümhuriyyəti tarixi şöbəsinin aparıcı elmi işçisi tarix elmləri doktoru Vasif Qafarov “Qafqaz İslam Ordusunun Azərbaycan hərəkatı və Bakı nefti uğrunda beynəlxalq mübarizə” adlı çıxışında arxiv materialları əsasında bu dövrə aid əldə etdiyi məlumatlar haqqında dolğun məlumat verib və Bakı uğrunda gedən döyüşlərdən təfərrüatı ilə bəhs edib.
Tarix İnstitutu Azərbaycan Cümhuriyyəti tarixi şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan tarixi kafedrasının dosenti Mübariz Ağalarlı “Azərbaycandan Anadoluya uzanan mənəviyyat körpüsü. Qardaşlıqdan strateji müttəfiqliyə doğru” məruzəsində Azərbaycan Xalq Cümhuriyyəti tarixinə qısa nəzər yetirərək Cümhuriyyətin Azərbaycan tarixindəki yerindən danışıb, Türkiyə-Azərbaycan arasında mədəni və mənəvi əlaqələri qeyd edərək, Heydər Əliyevin nitqindən Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bir neçə fikri də tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Məruzələr ətrafında müzakirələr aparılıb, sual-cavablarla elmi seminar öz işini yekunlaşdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər