ADPU-da professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi aparılıb

ADPU-da professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi aparılıb Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2022-ci il üzrə professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi ilə bağlı Keyfiyyət Komissiyasının iclası keçirilib.
Rektor Cəfər Cəfərov bildirib ki, Pedaqoji Universitetdə akademik heyətin elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması və diferensial sosial təminat sisteminin inkişaf etdirilməsi məqsədilə müntəzəm olaraq illik reytinq qiymətləndirilməsi keçirilir. Qiymətləndirmə nəticəsində elmi-tədqiqat, pedaqoji və ictimai fəaliyyətində fərqlənən müəllimlərin əməkhaqlarına aylıq əlavələr tətbiq olunur.
Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov diqqətə çatdırıb ki, ötən il reytinq qiymətləndirilməsi ilə bağlı Keyfiyyətin təminatı şöbəsi tərəfindən təkcə ADPU deyil, filiallar və Pedaqoji Kollecin də professor-müəllim heyətinin sənədləri qəbul olunub və proses könüllü əsaslarla bütün ADPU şəbəkəsini əhatə edib.
Daha sonra Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov təqdimatla çıxış edərək 2022-ci il üzrə reytinq qiymətləndirilməsi prosesi haqqında məlumat verib. Şöbə müdiri bildirib ki, ötən il noyabrın 1-dən dekabrın 1-dək əsas iş yeri ADPU, onun filialları və kolleci olan 1206 müəllimdən müvafiq sənədlər qəbul olunub. Sənədlər Keyfiyyət Komissiyası tərəfindən qiymətləndirilərək meyarlar üzrə müvafiq ballar hesablanıb. Prosesin əsasən tamamlandığını qeyd edən Q.Şərifov nəticələrlə bağlı ümumilikdə 75 apellyasiya müraciətinin daxil olduğunu, onlardan da 35 məsələnin müzakirə olunacağını diqqətə çatdırıb.
İclasın yekununda ADPU-da professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi və gələcəkdə tədris-köməkçi heyət arasında da reytinq qiymətləndirilməsinin aparılması ilə bağlı müvafiq təkliflərin hazırlanması haqqında qərar qəbul olunub.

Tehsil-press.az

Oxşar xəbərlər