Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi AzTU-da qeyd olunub

Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi AzTU-da qeyd olunub Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illiyinə həsr olunmuş “Yüzillik” adlı konsert və “ADMİU-100 il” adlı auksion keçirilib.
Tədbirdə çıxış edən AzTU-nun rektoru professor Vilayət Vəliyev Mədəniyyət və İncəsənət Universitetinin kollektivini 100 illik yubiley münasibətilə təbrik edib, onları rəhbərlik etdiyi universitetdə görməkdən məmnunluğunu bildirib. ADMİU-nun gələcək fəaliyyətində uğurlar arzulayan rektor iki universitet arasındakı dostluq münasibətindən və işgüzar əlaqələrdən danışıb, bu əlaqələrin davamlı olacağına əminliyini vurğulayıb.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqpərvərliyə görə AzTU-nun rəhbərliyinə təşəkkürünü bildirib, 100 illik yubileylə bağlı görülən işlərdən danışıb. ADMİU-nun 100 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq Sərəncamını xatırladan rektor bu Sərəncamın kollektivi çox sevindirdiyini və böyük məsuliyyət olduğunu qeyd edib.
C.Mahmudova AzTU-nun rektoruna ADMİU-nun müəllim və tələbələrinin əl işlərindən ibarət xatirə hədiyyələri təqdim edib.
Daha sonra tədbir iştirakçıları ADMİU-nun Musiqi sənəti fakültəsinin hazırladığı konsertə tamaşa ediblər. Tədbir ADMİU-nun Rəssamlıq fakültəsinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının hazırladığı auksionla davam edib.

Tehsil-press.az




Oxşar xəbərlər