ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması “kim qalib gəldi” sualı ətrafında müzakirələrə səbəb olub. Hər iki tərəf özünü “qalib” elan etsə də, reallıq ziddiyyətlidir.İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ üzərində qələbə qazandıqlarını düşünür. İddia edirlər ki, Vaşinqton Tehranın 10 maddəlik planını qəbul etməyə məcbur olub: İranın Hörmüz boğazı üzərində nəzarəti davam edəcək, uranın zənginləşdirilməsi qəbul edilib, bütün sanksiyalar ləğv edilir, qətnamələr ləğv olunur, dəyişmiş ziyan ödənilir, Amerika qüvvələri bölgədən çıxarılır, Hizbullaha qarşı müharibə dayanır.
Atəşkəsin bu şərtlər çərçivəsində qəbul edilməsi reallıqdan uzaqdır:
Birincisi, bu şərtlər ABŞ-ın 15 maddəlik təslim planına cavab olaraq hazırlanmışdı və tərəflər razılaşa bilmədikləri üçün hücumlar davam etdirildi;
İkincisi, razılaşma ABŞ-ın “sivilizasiyanın məhv edilməsi” hücumuna saatlar qalmış əldə olundu: bu o deməkdir ki, geri çəkilən tərəf İrandır.
Lakin İranın geri çəkilməsi ABŞ-ın təslim aktını qəbul etməsi demək deyil. Bu kontekstdə Trampın “100 faizlik qələbə” iddiası da reallığa uyğun gəlmir. ABŞ İran müharibəsində yekun hədəflərinə nail ola bilmədi, xüsusilə rejimin “sağ qalması” fonunda. İranın Hörmüzü bağlamaqla yaratdığı qlobal iqtisadi problemlər müharibənin gedişində Vaşinqtonun prioritetlərini boğazı açmaq və “masada razılaşma ilə üstünlük əldə etmək” istiqamətində dəyişdirdi. Atəşkəs razılaşması da buna istinadən qəbul olunub:
- ABŞ hücumları dayandırır;
- İran Hörmüz boğazını açır.
Hadisələrin inkişafı danışıqlar prosesində aydınlaşacaq. Danışıqların mahiyyəti isə müharibədən fərqlidir: burada “mütləq qalib” olmur, sülh üçün hər iki tərəf güzəştə getməlidir; bu baxımdan, “kim qalib gəldi” sualı açıq olaraq qalacaq;
İran müharibəsində qələbə anlayışının klassik təcrübədən fərqli olduğu da qeyd olunmalıdır, xüsusilə teokratik rejimin yanaşması kontekstində. ABŞ üçün hədəflərindən birinə belə nail olmamaq “məğlubiyyət” kimi təqdim edilsə də, İran rejimi üçün bütün itkilərə rəğmən sağ qalmaq “qələbə” deməkdir.
Tehsil-press.az







