Gövhər Baxşəliyeva: Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti akademiyanın yaranması üçün zəmin formalaşdırıb

Gövhər Baxşəliyeva: Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti akademiyanın yaranması üçün zəmin formalaşdırıb 1923-cü ilin noyabr ayında təsis edilmiş Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Azərbaycan elminin təşkilatlanmasında və dövrün ziyalılarının bir qurum altında toplanması istiqamətində ölkəmizdə yaranmış ilk ali elmi təşkilatdır.
Bu fikirləri AMEA-nın Rəyasət Heyətində “Tədqiq və Tətəbbö Cəmiyyəti: diyarşünaslıq araşdırmalarından fundamental elmi tədqiqatlaradək” mövzusunda keçirilən konfransda AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva söyləyib. Gövhər Baxşəliyeva Azərbaycan elminin və mədəni-maarif işinin inkişafında böyük rol oynamış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş konfransın əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, cəmiyyətin ilk sədri Əbdürrəhim bəy Haqverdiyev, fəxri sədri isə Nəriman Nərimanov olub. Həmçinin dövrün tanınmış ictimai-siyasi xadimləri, elm adamları bu quruma üzv seçiliblər. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti qısa müddət ərzində fəaliyyəti ilə öz dövrünü qabaqlayıb, bütün elm sahələri üzrə təşkilatlanaraq Azərbaycanı, onun dilini, tarixini, folklorunu, adət-ənənələrini, təbiətini, geologiyasını öyrənib. Qurumun üzvlərinin sayı artaraq 1927-ci ildə 1000 nəfərə çatıb.
1924-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin təşəbbüsü ilə Bakıda Azərbaycan Diyarşünaslarının I Qurultayının keçirildiyini söyləyən akademik həmin tədbirdə I Ümumittifaq Bakı Türkoloji Qurultayının təşkili kimi mühüm qərarların qəbul edildiyini bildirib. Alim vurğulayıb ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti sonrakı illərdə akademiyanın yaranması üçün zəmin formalaşdırıb və Azərbaycan elminin bugünkü səviyyəyə gəlib çatmasına öz töhfəsini verib.
Konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin aparıcı elmi işçisi dosent Güntəkin Binnətova “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində dialektoloji araşdırmalar” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, 1924-cü il sentyabrın 21-də Bakıda keçirilən Azərbaycan Diyarşünaslarının I Qurultayının gündəliyində duran əsas məsələlərdən biri Azərbaycan dili ləhcələrinin öyrənilməsi və lüğətinin tərtib edilməsi olub. Azərbaycan dili şivələrini toplamaq və lüğət hazırlamaq məqsədilə Etnoqrafiya Komissiyanın tərkibində ayrıca Lüğət-dil bölməsi yaradılıb.
Onun sözlərinə görə, Cəmiyyətin göstərişi ilə 1924-cü ildə professor N.Aşmarinin “Azərbaycan türk şivələri lüğətini tərtib etmək üçün toplanacaq materiallar haqqında düsturüləməl və proqram”ı, 1926-cı ildə Şəki dialektinin fonetik xüsusiyyətlərindən bəhs edən “Nuxa şəhəri türk xalq şivələrinə bir nəzər” əsəri çap olunub.
Güntəkin Binnətova ATTC-nin dialektologiya ilə bağlı fəaliyyətində professor Bəkir Çobanzadənin xidmətlərini xüsusi qeyd edib. Diqqətə çatdırıb ki, əsası ATTC tərəfindən möhkəm bünövrə üzərində qurulan Azərbaycan dialektologiya elmi sonrakı illərdə akademik M.Şirəliyevin rəhbərliyi ilə özünün ən yüksək inkişaf mərhələsinə çatıb.
Tədbirdə professor Asif Rüstəmlinin “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaranma tarixi və ilk təsisçiləri”, dosent Afaq Ramazanlının “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində azsaylı xalqların folkloru”, professor İkram Ağasiyevin “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Azərbaycanda tarix elminin inkişafında rolu”, dosent Ruhəngiz Cümşüdlünün “Azərbaycan elminin inkişaf tarixində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yeri və rolu” və fəlsəfə üzrə filologiya doktoru Faiq Ələkbərlinin “Azərbaycanda fəlsəfə tarixçiliyi: problemləri və həlli yolları” mövzusunda məruzələri dinlənilib.

Tehsil-press.az



Oxşar xəbərlər