Dilçilik İnstitutunda akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyi qeyd olunub

Dilçilik İnstitutunda akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyi qeyd olunub AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyi ilə bağlı “Akademik Məmmədağa Şirəliyev Azərbaycan dialektologiyasının banisidir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Möhsün Nağısoylu Prezident İlham Əliyevin “Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 19 iyul tarixli Sərəncamını xatırladıb. Bildirib ki, bu Sərəncam Azərbaycan dilçilik elminin inkişafında müstəsna xidmətləri olan alimin fəaliyyətinin təbliği baxımından böyük əhəmiyyətə malikdir.
Akademik bildirib ki, M.Şirəliyev dilçilikdə daha çox görkəmli dialektoloq kimi tanınıb, bu sahə ona dünya şöhrəti qazandırıb. Onun 1941-ci ildə müdafiəyə namizədlik dissertasiyası kimi təqdim etdiyi “Bakı dialekti” araşdırması Dissertasiya Şurası üzvləri tərəfindən yüksək qiymətləndirilib və heç bir tərəddüdsüz o, birbaşa filologiya üzrə elmlər doktoru alimlik dərəcəsinə layiq görülüb.
Qeyd olunub ki, yüksəkixtisaslı dilçi kadrların, xüsusilə dialektoloqların hazırlanmasında da M.Şirəliyevin böyük xidmətləri olub. Onun rəhbərliyi altında 40-dan çox elmlər namizədi, onlarla elmlər doktoru hazırlanıb. Elmi irsi dilçiliyimiz üçün dəyərli olan M.Şirəliyev Azərbaycan filoloji elmində dilçilik coğrafiyasının banisidir.
Tədbirdə məruzə ilə çıxış edən Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli bildirib ki, M.Şirəliyev sözün əsl mənasında böyük şəxsiyyət və pedaqoq idi. Elmi fəaliyyəti ilə yanaşı, M.Şirəliyev həm də pedaqoji işdə, təhsil sahəsində də xalqımıza əvəzsiz xidmət göstərib. O, “Azərbaycan dialektologiyasının əsasları” monoqrafiyasına görə 1972-ci ildə Dövlət Mükafatına layiq görülüb. M.Şirəliyevin bu tədqiqat əsəri nəinki Azərbaycanda, eləcə də digər türk respublikalarında dialektoloji araşdırmalar, xüsusilə monoqrafik tədqiqatlar üçün bir örnək, etalon kimi dəyərlidir.
Elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli, professorlar Qara Məşədiyev, Kamil Bəşirov, İsmayıl Kazımov və Sayalı Sadıqova, dosent Kifayət İmamquliyeva və filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov çıxışlarında qeyd ediblər ki, Azərbaycan dialektologiyasının əsaslarının yaradılmasında və türkoloji dilçilik sahəsində ardıcıl nailiyyətlər qazanılmasında M.Şirəliyevin müstəsna rolu vardır. Azərbaycan dilinin ilk dialektoloji atlası və lüğətlərinin tərtibi M.Şirəliyevin adı ilə bağlıdır.

Tehsil-press.az



Oxşar xəbərlər