ADPU-da akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı

ADPU-da akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının təşkilatçılığı ilə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı lauretı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmmədağa Şirəliyevin 110 illik yubileyinə həsr olunmuş “Azərbaycan dialektologiyası və türkoloji dilçilik sahəsində akademik Məmmədağa Şirəliyevin xidmətləri” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransda universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edib.
Tədbiri universitetin rektoru, professor Cəfər Cəfərov açıq elan edərək bildirib ki, bugünki konfrans dilçilik elminin inkişafında müstəsna xidmətləri olan dilçi-alim Məmmədağa Şirəliyevin 110 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən keçirilir. Sərəncamda Akademik Məmmədağa Şirəliyev mühüm elmi əhəmiyyətə malik sanballı tədqiqatları ilə Azərbaycan dilçiliyini zənginləşdirmiş, onun bir çox istiqamətlərinin müəyyənləşməsi və formalaşmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Alimin dilçiliyin aktual problemlərinin öyrənilməsində, xüsusən Azərbaycan dialektologiyasının əsaslarının yaradılmasında və türkoloji dilçilik sahəsində ardıcıl nailiyyətlər qazanılmasında müstəsna rolu vardır. Azərbaycan dilinin ilk dialektoloji atlası və lüğətlərinin tərtibi Məmmədağa Şirəliyevin adı ilə bağlıdır. SSRİ Elmlər Akademiyasının Bakıda iyirmi ilə yaxın bir dövr ərzində Məmmədağa Şirəliyevin rəhbərliyi altında işıq üzü görən “Sovetskaya tyurkoloqiya” jurnalı bu səpkidə yeganə nüfuzlu nəşr olub, beynəlxalq elm məkanında dünya türkoloqlarının mötəbər tribunasına çevrilmişdir. Alim respublikada və onun hüdudlarından kənarda filoloqların yeni nəslinin müasir elmi-nəzəri biliklərə dərindən yiyələnməsi üçün var qüvvəsini əsirgəməyərək uzun illər ali təhsil ocaqlarında dilçilik kursu üzrə mühazirələr oxumuş, həmçinin yüksəkixtisaslı dilçi kadrların hazırlanması işinə böyük əmək sərf etmişdir.
Məmmədağa Şirəliyev, eyni zamanda, mövcud elmi potensialdan daim ölkənin və xalqın mənafelərinə uyğun səmərəli istifadə olunmasına çalışan bacarıqlı elm təşkilatçısı kimi tanınırdı. Azərbaycan dialektologiya məktəbinin yaradıcısı olan Əməkdar elm xadimi M.Şirəliyev 100-dən çox elmi əsərin, o cümlədən monoqrafik "Azərbaycan dialektologiyasının əsasları", "Bakı dialekti", habelə M.H.Hüseynzadə ilə birlikdə orta məktəblər üçün yazdığı "Azərbaycan dilinin qrammatikası" dərsliyinin müəllifidir.
M.Şirəliyev türkologiyada, o cümlədən, Azərbaycan dilçiliyində dilçilik coğrafiyasının banisidir. M.Şirəliyevin Azərbaycan milli dilinin, Azərbaycan ədəbi dilinin tarixini öyrənmək sahəsində də xidmətləri böyükdür .
Sonra ADPU-nun Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynova “Akademik Məmmədağa Şirəliyevin yaradıcılığında ümumtürk dilləri diakekt və şivələrinin tədqiqi”, Müasir Azərbaycan dili kafedrasının professoru Buludxan Xəlilov “Akademik Məmmədağa Şirəliyevin həyat və yaradıcılıq yolu” , AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli “Məmmədağa Şirəliyev Azərbaycan dialektologiya məktəbinin banisidir” mövzularında məruzələr ilə çıxış ediblər.
Daha sonra Müasir Azərbaycan dili kafedrasının professoru Mirvari İsmayılova, dosent Könül Səmədova və digər çıxış edənlər Akademik Məmmədağa Şirəliyevin tədqiqatlarının Azərbaycan elminin ən qiymətli nümunələri olduğunu bildiriblər.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı




Oxşar xəbərlər