Polşa-Ukrayna sərhədində üç mindən çox yük maşını növbəyə dayanıb

Polşa-Ukrayna sərhədində üç mindən çox yük maşını növbəyə dayanıb Polşadan Ukraynaya keçmək üçün 3,1 mindən çox yük avtomobili sərhəddə növbə gözləyir.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko məlumat verib.
“Təəssüf ki, Polşa ilə sərhəddə vəziyyət dəyişmir. Dörd nəzarət-buraxılış məntəqəsinin bloklanması davam edir. Çəkisi 7,5 tondan çox olan yük maşınlarının yalnız bu istiqamətlərdən Ukraynaya keçidi mümkündür. Bu gün səhər saatlarına olan məlumata görə, 3,1 mindən çox yük avtomobili Ukraynaya keçmək üçün növbə gözləyir”, - deyə Andrey Demçenko bildirib.
Onun sözlərinə görə, sərhədin bağlanması səbəbindən yük maşınlarının hərəkəti on dəfə azalıb.
Polşa yükdaşıyıcıları noyabrın 6-dan başlayaraq Ukrayna ilə sərhədi bağlayıb. Etirazçılarla aparılan danışıqlar hələ ki, nəticə vermir. Onlar Avropa İttifaqının ukraynalı həmkarlarına verdiyi güzəştlərin ləğvini, xüsusən Ukrayna yükdaşıma kompaniyaları üçün məcburi lisenziya prosedurunun bərpasını tələb edirlər. Sərhədin bağlanması səbəbindən Polşadan Ukraynaya yük çatdırılmasının qiyməti üç dəfədən çox artıb. Avropa kompaniyaları artıq Ukraynaya sifarişlərin həcmini azaltmağa başlayıblar.
Eyni vəziyyət Slovakiya ilə sərhəddə də müşahidə olunur. Dekabrın 1-də Slovakiya yükdaşıyıcıları Ukrayna ilə sərhəddəki yeganə keçid məntəqəsini blokadaya alıblar. Hazırda Slovakiya-Ukrayna sərhədində yük maşınlarından ibarət növbə təxminən 20 kilometrədək uzanır.

Tehsil-press.az


Oxşar xəbərlər