Ümummilli Lider ən çətin günlərdə Azərbaycan xalqının yanında oldu

Ümummilli Lider ən çətin günlərdə Azərbaycan xalqının yanında oldu Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri açan BSU-nun rektoru Anar Nağıyev müasir Azərbaycan dövlətinin qurucusu, böyük tarixi şəxsiyyət Ulu Öndərin əziz xatirəsinin bütün Azərbaycanda olduğu kimi, BSU-da da dərin ehtiramla yad olunduğunu qeyd edib. Rektor Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətindən “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” ifadəsini xatırladaraq, bunun ölkəmizin qurucusu tərəfindən onun qarşısına qoyulmuş tapşırığın icra olunmasının nəticəsi olduğunu bildirib. O, Heydər Əliyevin sovet dövründə ölkəmizə rəhbərlik etdiyi dönəmin milli özünüdərkin formalaşması ilə yanaşı, Azərbaycanın inkişafına səbəb olduğunu qeyd edib. A.Nağıyev Ulu Öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz xidmətlərdən, bununla əlaqədar imzaladığı fərman və sərəncamlardan, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından bəhs edib. Rektor bütün bu fəaliyyətlərin Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanı formalaşdırmaq missiyasının tərkib hissəsi olduğunu bildirib. Ümummilli Liderin dövlətçilik fəaliyyətində bir xilaskarlıq missiyasının olduğunu deyən rektor 20 Yanvar hadisələrindən sonra onun Azərbaycan xalqının ən çətin günündə yanında olaraq, bütöv bir imperiyaya meydan oxumasının bu missiyanın bariz nümunəsi olduğunu qeyd edib. Anar Nağıyev Ulu Öndər Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və bu qədim Azərbaycan diyarında milli dövlətçiliyimizin bərpası istiqamətində tarixi addımlar atdığını bildirirərək, üçrəngli bayrağımızın Naxçıvanda yenidən rəsmi şəkildə qaldırmaqla yeni Azərbaycanın yeni inkişafını müəyyənləşdirdiyini vurğulayıb.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov “Heydər Əliyev və Azərbaycanın formalaşması”, Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə “Azərbaycan dövlətçiliyi və Heydər Əliyev”, Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev “Azərbaycan təhsilində Heydər Əliyevin rolu”, Filologiya fakültəsinin dekanı Sevinc Abışova “Heydər Əliyev və gənclər siyasəti”, Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının müdiri Naidə Məmmədxanova “Elm və multikultralizm”, Magistratura şöbəsinin müdiri Məmmədtağı Rzayev “Qalib xalqın qalib ruhu”, BSU Tələbə Gənclər Təşkilatının sədr müavini Cavid Novruzov “Gələcəyin gəncləri” mövzularında məruzələrlə çıxış ediblər. Çıxışlarda Azərbaycan təhsilinin bugünkü uğurlarının kökündə Ümummilli Lider Heydər Əliyevin gərgin zəhmətinin dayandığı qeyd olunub. Ulu Öndər Heydər Əliyevin dövlət və ordu quruculuğu ənənələri, iqtisadi islahatları və sabitlik yaratma üsullarının yeni müstəqillik qazanmış ölkələr üçün sınaqdan uğurla çıxmış ən dəyərli “yol xəritəsi” olduğu bildirilib. Qeyd olunub ki, azərbaycançılıq ideologiyasının təməlində, ilk növbədə, güclü Azərbaycan dövlətçiliyi prinsipi, ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla bəşəri birgəyaşayış qaydaları əsasında ünsiyyət qurması kimi ali dəyərlər dayanır. Çıxışlarda, həmçinin Ümummilli Liderin hakimiyyəti illərində multikulturalizmin siyasi əsasının qoyulduğu, bu istiqamətdə ilk siyasi qərarlar qəbul edilərək həyata keçirildiyi diqqətə çatdırılıb.
Tədbirdə, həmçinin BSU-nun professoru Naidə Məmmədxanovanın “Heydər Əliyev İli” çərçivəsində işıq üzü görmüş “Heydər Əliyev-müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisi” monoqrafiyası ilə bağlı məlumat verilib.

Tehsil-press.az



Oxşar xəbərlər