BSU-da cari tədris ilinin payız semestrinin imtahan sessiyası başlanıb

BSU-da cari tədris ilinin payız semestrinin imtahan sessiyası başlanıb Bakı Slavyan Universitetində (BSU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası ənənəvi formada başlanıb.
Hər iki tədris binası üzrə imtahanlar mərkəzləşdirilmiş qaydada əsas binada təşkil olunub. İmtahan keçirilən zalda imtahanın başlama və bitmə saatlarını göstərən monitorlar yerləşdirilib.
İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib. Hər fənn üzrə tələbələrin giriş balları fakültələrdə müvafiq lövhələrdə asılıb.
İmtahanlarda bakalavr və magistratura səviyyələri üzrə ümumilikdə BSU-da təhsil alan 5145 tələbədən 4573-ü iştirak edir. Payız semestrinin imtahan sessiyasında ümumilikdə 1691 imtahanın keçirilməsi nəzərdə tutulur.
2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həllini təmin etmək məqsədilə universitet rəhbərliyinin, universitetdə fəaliyyət göstərən valideyn şuralarının, tələbə gənclər təşkilatlarının, mətbuat nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb.
Payız semestrinin imtahan sessiyası fevralın 8-dək davam edəcək. Bu sessiyada təkrar imtahanlar isə fevralın 5-dən 8-dək təşkil olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər