Dekan inşaat şirkətlərini rəqəmsal texnologiyalardan istifadəyə çağırdı

Dekan inşaat şirkətlərini rəqəmsal texnologiyalardan istifadəyə çağırdı “Ölkəmizin inşaat sektorunda BİM texnologioyalarının (Layihələndirmə və tikintidə rəqəmsallaşdırma) tətbiqi genişləndirilməlidir. Hazırkı vəziyyət ürəkaçan deyil və bu istiqamətdə qabaqcıl təcrübələrin bir an öncə tətbiqi zəruridir”.
Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev deyib. O bildirib ki, “SOCAR Foster-Wheeler Engineering”, “PMD Projects” və “BİMD” yerli şirkətlərinin BİM texnologioyalarının tətbiqi ilə bağlı səyləri təqdirəlayiqdir, lakin yetərli deyil.
“Artıq bir neçə ildir ki, Dördüncü Sənaye İnqilabı başlayıb. Bütün dünyada, bütün sahələrdə rəqəmsal transformasiya baş verir. İnşaat sektoru da bu prosesdən kənarda deyil. Qabaqcıl inşaat təcrübəsinə malik olan ölkələr, o cümlədən Yaponiya, Sinqapur, Çin, Almaniya, ABŞ, Böyük Britaniya, İtaliya və qardaş Türkiyədə BİM texnologioyaları geniş tətbiq olunur. Bu texnologiyaların tətbiqi tikilinin dayanıqlılığını və səmərəliliyini artırır, eyni zamanda, vaxta, işçi qüvvəsinə, maliyyəyə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verir. Ölkəmizdə həyata keçirilən genişmiqiyaslı tikinti-quruculuq işlərini, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələri nəzərə alanda BİM texnologioyalarının tətbiqi daha da aktuallaşır”, - deyə Sahib Fərzəliyev söyləyib.
Dekan qeyd edib ki, artıq bir neçə ildir İnşaat fakültəsinin tələbələrinə BİM texnologioyaları, bu texnologioyaladan istifadə metodları öyrədilir, lakin tendensiya istehsalatda kütləviləşmədiyi üçün sonradan həmin gənclər bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirə bilmirlər.
S.Fərzəliyev Azərbaycanın inşaat sektorunun təmsilçilərini BİM texnologiyaları üzrə həllərin istehsalında dünya liderləri olan “Autodesk” (ABŞ), “Trimble Tekla (ABŞ)”, “Hexagon Intergraph” (İsveç) və “Bentley Systems” (ABŞ) şirkətlərinin təcrübələrini öyrənməyə və bu texnologiyaların tətbiqini intensivləşdirməyə çağırıb.

Tehsil-press.az



Oxşar xəbərlər