Riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinə qeydiyyat başlanıb

Riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinə qeydiyyat başlanıb Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək.
Hər iki müsabiqədə iştirak üçün elektron müraciət prosesi fevralın 15-i saat 17:00-dək davam edəcək.
Maraqlananlar portal.edu.az platforması üzərindən “Müsabiqələr və olimpiadalar” bölməsindən müsabiqənin istiqamətini seçərək elektron müraciət etməlidirlər.
2023–2024-cü tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin təşkili və keçirilməsi qaydalarında dəyişikliklər edilib. Belə ki, VI sinif şagirdləri üçün müsabiqələr riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri üçün isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə təşkil olunacaq. Bununla yanaşı, fənn müsabiqələrində şagirdlərə təqdim edilən məntiq bloku ləğv olunur. İştirakçılar sadəcə müvafiq fənn üzrə tapşırıqları həll edəcəklər. Müsabiqənin iki mərhələsi qapalı test tapşırıqları formatında, final mərhələ isə açıq tipli tapşırıqlardan ibarət olacaq.
Eyni zamanda, V sinif şagirdləri üçün keçirilən Lütfi Zadə adına məntiq olimpiadası cari tədris ilindən “Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası” adlandırılacaq və şagirdlərə bu istiqamətdə müvafiq tapşırıqlar təqdim olunacaq. Hər üç mərhələ qapalı suallar formatında təşkil olunacaq.
Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, onların məntiqi biliklərinin inkişafına təkan verməkdir.
Qeyd edək ki, fənn müsabiqələrinin qalibləri Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlıq prosesinə cəlb olunur, müvafiq təmayüllər üzrə lisey və gimnaziyalara müsabiqədənkənar qəbulolma şansı əldə edirlər.
Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar qeyd olunan nömrəyə +994 50 791 46 31 vatsap platforması üzərindən problemin ətraflı təsvirini yalnız yazaraq müraciət edə bilərsiniz.

Tehsil-press.az



Oxşar xəbərlər