BDU-da “Yaşıl kimya” mövzusunda tədbir keçirilib

BDU-da “Yaşıl kimya” mövzusunda tədbir keçirilib Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində “BDU könüllüləri” təşkilatının "Molecular Minds" və Bakı Ali Neft Məktəbinin (BANM) "Environmental Care" klublarının birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş "Yaşıl kimya" adlı tədbir keçirilib.

Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov bildirib ki, 2024-cü il Azərbaycan Respublikiasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı həyata keçirilən layihələrdə gənclərin yaxından iştirakı təqdirəlayiqdir.

Daha sonra "Molecular Minds" və "Environmental Care" klublarının rəhbərləri Dəniz Seydəliyeva və Kərəm Məmmədzadə “Yaşıl kimya” termininin yaranması, əsas prinsipləri, onun ətraf mühit kimyası ilə oxşar və fərqli cəhətləri, ətraf mühitdə baş verən kimyəvi proseslər, antropogen təsirlər, ekoloji problemlərin həlli yolları və kimyəvi mübarizə üsulları barədə məlumat veriblər. Tədbirdə Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası” elan olunması, azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər