ADPU-da Psixoloji xidmət laboratoriyası yaradılıb

ADPU-da Psixoloji xidmət laboratoriyası yaradılıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının iclası keçirilib.
İclasda ADPU-nun rektoru professor Cəfər Cəfərov ötən dövr ərzində həyata keçirilən fəaliyyətlər haqqında danışaraq payız semestrinin imtahan sessiyasının uğurla yekunlaşdığını diqqətə çatdırıb.
Sonra Tədris departamentinin direktoru Sənan Əliyev ADPU-da 2023-2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri barədə hesabatı təqdim edib.
Bildirilib ki, imtahan sessiyasının təşkili üçün İmtahan İdarəetmə Qrupu, İmtahan Qərargahı və Apellyasiya Komissiyası, o cümlədən nəzarətçi qrupları təşkil olunub. İmtahanlarda bakalavriat səviyyəsi üzrə 9978, magistratura səviyyəsi üzrə 644 olmaqla ümumilikdə 10 min 622 tələbə iştirak edib. Üzrlü səbəbdən imtahana qatılmayan 482 tələbə üçün sonradan imtahan keçirilib. Yoluxucu xəstəlik səbəbindən imtahanlarda iştirak edə bilməyən 12 tələbə üçün isə ADPU Elmi şurasının müvafiq qərarına uyğun olaraq onlayn formatda imtahan təşkil olunub.
Hesabata əsasən, sessiya ərzində İmtahan Qərargahına 111 müraciət (keçən yaz sessiyasında 135) olub ki, bunlardan 52-si təsdiqini tapmayıb, 59-u isə tələbələrin xeyrinə həll olunub. İmtahan qaydalarını pozduğuna görə 139 tələbə (ötən yaz sessiyasında 74 nəfər) imtahandan kənarlaşdırılıb və nəticələri ləğv olunub. Apellyasiya Komissiyasına isə 2082 müraciət olub.
Bakalavriat və magistratura səviyyələrində uyğun olaraq müvəffəqiyyət göstəricisi 88 və 98 faiz (keçən ilin müvafiq sessiyasında 84 və 74 faiz), keyfiyyət göstəricisi isə 44 və 76 faiz (keçən ilin müvafiq sessiyasında 46 və 68 faiz) təşkil edib. Bakalavriat səviyyəsində müvəffəqiyyət, magistratura səviyyəsində isə həm müvəffəqiyyət, həm də keyfiyyət göstəricilərində əhəmiyyətli artım müşahidə olunur. ADPU filialları arasında isə bakalavriat üzrə ən yüksək müvəffəqiyyət göstəricisi 91 faizlə Cəlilabad filialında, ən yüksək keyfiyyət göstəricisi isə 38,3 faizlə Quba filialında qeydə alınıb.
Həmçinin imtahan sessiyası müddətində “Google Form” vasitəsilə tələbələr arasında onlayn sorğu təşkil olunub. 2050 tələbənin qatıldığı sorğuda ADPU və onun filialları, eləcə də Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri iştirak ediblər. Həmçinin imtahan prosesində 2 əməkdaş və 17 tələbə olmaqla 19 nəfər müşahidəçi qismində iştirak edib.
Daha sonra cari məsələlər müzakirə olunub. Tədris işləri üzrə prorektor Eldar Aslanov ADPU-nun 2024-cü il üçün Fəaliyyət Planının təsdiqi haqqında, “Psixoloji xidmət laboratoriyasının Əsasnamə”sinin təsdiqi və tədris-metodiki vəsaitlərinin nəşrinə icazə verilməsi barədə, Tədris departamentinin direktoru Sənan Əliyev imtahan sessiyasının nəticələrinə əsasən adlı təqaüd alan namizədlərin təsdiqi barədə, Keyfiyyətin təminatı şöbəsinin müdiri Qalib Şərifov “ADPU-nun davamlı siyasət sənədi”nin təsdiqi haqqında, elm və innovasiyalar üzrə prorektor Asəf Zamanov monoqrafiyaların nəşrinə icazə verilməsi və dosent elmi adının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması barədə məruzə ediblər.
Sonda müzakirəyə çıxarılan məsələlərlə bağlı təklif və suallar səsləndirilib, müsbət qərarlar qəbul olunub.

Tehsil-press.az


Oxşar xəbərlər