
Az öncə sosial şəbəkədə növbəti bir sorğu qarşıma çıxdı. Sual belə idi: “Bayrağımızın rənglərini deyə bilərsinizmi?”
İlahi, o nə cavablar idi? O adamlar kim idi? Bayrağının rəngini bilməyənlər dəqiq azərbaycanlılardır? Onlar bizimlə birgə yaşayır? Onlar bizim yaxınlarımız, tanışlarımız, vətəndaşlarımızdır?
O kadrları internetdən yox, beynimizdən necə silə biləcəyimizi təsəvvür belə etmirəm. Yəni buna da təhsil lazımdır? Bunu da kursa-filan gedib öyrənməliyik?
“Sarı, göy, qırmızı”, “Yaşıldı, qırmızıdı, mavidi” - bu tərsəmayallaq cavablara artıq təəssüflənmək olmur; bu cavablar adamı əsəbiləşdirir, hiddətləndirir. Yaxşı ki, hələ rənglərin mənalarını, bayrağın niyə, nə cür yaranıb-formalaşdığını soruşmadılar.
Vallah, 44 günə Qarabağı işğaldan azad edən bir millətin nümayəndələri də bayrağın rəngini bilmirsə, bunun adını tapmaq çox çətindir.
Bu bayraq son 4 ildə işğaldan azad edilən torpaqlarda az qala hər gün ucalıb; bu bayraq üçün minlərlə gənc canını qurban edib, yüzminlər qurban olmağa hazır dayanı; bu bayrağı ucaltmaq və ucalarda saxlamaq üçün... 4 ildi xalq olaraq ayaqdayıq!
Bu bayraq 4 ildir bütün Azərbaycanda dalğalanır; 4 ildir az qala bütün xalq bu bayrağa bürünüb. Bu bayrağın rənglərini necə tanımamaq, sevməmək, onunla qürur duymamaq olar?
Kimsə bunu mənə izah edə bilərmi?
Tehsil-press.az