BDU-nun əməkdaşı Makedoniyanın Ss. Kiril və Methodius Universitetində tədqiqat aparacaq

BDU-nun əməkdaşı Makedoniyanın Ss. Kiril və Methodius Universitetində tədqiqat aparacaq Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, Fizika fakültəsinin doktorantı Orxan Güləhmədov Elm və Texnologiyada Avropa Əməkdaşlığı (European Cooperation in Science and Technology – COST) proqramının “Qısamüddətli elmi missiya” (“Short-term scientific mission” (STSM)) səfər qrantının qalibi olub. Belə ki, Orxan Güləhmədov 10-30 sentyabr 2024-cü il tarixlərində Makedoniyanın Skopye şəhərində yerləşən Ss. Kiril və Methodius Universitetində “Neylon/CNT təbəqələrindən istifadə etməklə triboelektrik nanogeneratorların təkmilləşdirilməsi” (“Enhancement of triboelectric nanogenerators by using Nylon/CNT films”) mövzusu üzrə həmin universitetin professoru Jadranka Blazevska Gilev ilə birgə təcrübi-tədqiqat işləri həyata keçirəcək.

Karbon nanoboruların (CNT) neylon matrisinə inteqrasiyası və onların triboelektrik nanogeneratorlarda (TENG) istifadəsi enerjinin çevrilmə səmərəliliyini artırmaq üçün yeni bir yanaşmadır. Bu səfər qrantının əsas elmi hədəfi belə nanokompozit materialların TENG-lərin çıxış parametrlərinə təsirini aydınlaşdırmaq və optimallaşdırmaqdır. Yaxşı elektrik keçiriciliyi və mexaniki davamlılığı ilə CNT-lər yüklərin ayrılması və yığılması ilə bağlı TENG-lərdə mövcud problemləri həll etmək potensialına malikdir.

Tehsil-press.az

Oxşar xəbərlər