Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru şagirdlərlə görüşüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru şagirdlərlə görüşüb Aprelin 12-də Şüvəlan qəsəbəsində yerləşən A.S.Makarenko adına respublika humanitar fənlər təmayüllü liseyin 18 şagirdi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) ekskursiya edib. Şagirdlərin universitetə olan bu səfəri aprel ayından başlayaraq ADNSU-nun orta məktəb və liseylərdə ali təhsil müəssisəsi ilə bağlı təbliğatın aparılması layihəsi çərçivəsində baş tutub. Layihənin ideyasında universiteti şagirdlərə tanıtmaqla yanaşı, gələcəyin tələbələri ilə universitet arasında qırılmaz bağların, əməkdaşlıq əlaqələrinin yaradılmasına xidmət etmək durur. Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və aktiv tələbələrin müşayiəti ilə ADNSU-nun balaca dostlarına universitetin Tarix muzeyi, Heydər Əliyev lektoriyası, laboratoriyalar və digər maraqlı guşələri göstərilib. Sonda universitetin rektoru Mustafa Babanlı gələcəyin tələbələrini qəbul edib və bu görüşdən çox böyük məmnunluq keçirdiyini ifadə edib. O, şagirdlərə universitetin tarixindən, neft istehsalı və sənayesinə verdiyi töhfələrdən, yüksək nüfuza malik ixtisaslı kadrların hazırlanmasında malik olduğu potensial və təcrübələrdən söz açıb. 
Ümumilikdə, şagirdlər bu gün universitetdəki son yeniliklər, tələbələrin dərsə, imtahana yanaşması, müəllimlərin tələbəyə münasibəti, bir sözlə, universitetdə gedən proseslərlə bağlı məlumatlandırılıb. Şagirdlər də öz növbələrində rektora çoxsaylı suallar ünvanlayıblar. Suallar tələbələrin təhsili və öz ixtisaslarına uyğun işlə təminatından tutmuş, xarici tələbələrə münasibət və tələbələrin yataqxana ilə təmin olunmasınadək müxtəlif məsələlərlə bağlı olub. Rektor hər bir sualı ərtaflı şəkildə cavablandırıb və ADNSU-da təhsil alan hər bir gənc üçün bütün imkanların yaradıldığını qeyd edib. Sonra şagirdlər rektorla xatirə şəkli çəkdiriblər.

tehsil-press.az

Oxşar xəbərlər