
Qarşıdakı aylarda manatı gözləyən vəziyyət barədə açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, 2024-cü ildə belə bir təhlükə ola biləcəyini düşünmür:
“Azərbaycanın ixracında əhəmiyyətli rol oynayan neftin və qazın qiymətlərinin normal olması manata təsir edən əsas səbəblərdən biridir. Bu da tədiyə balansının profisitli olmasına gətirib çıxarır. Yəni ölkəyə girən dollar ölkədən çıxan dollardan çoxdur. Hal-hazırda büdcələrdə Azərbaycan neftinin qiyməti 85 -90 dollar arasında proqnozlaşdırılır. Bu da onu göstərir ki, ixracdan gələn vəsaitin qiyməti kifayət qədər komfortludur”.
Manata göstərilən manipulyativ, psixoloji təsirlər barədə danışan ekspert qeyd edib ki, bu 2015-2016-cı illərdəki kimi əhəmiyyətli olmayacaq:
“Hazırda valyuta bazarına nəzarət var, o əvvəlki illərdə olan boşluqlar aradan qaldırılıb. Bildiyiniz kimi, sənədsiz hər hansı valyutanı dəyişmək limitlərə əsasən aparılır.
Bizim üçün önəmli məqam enerji qiymətlərinin yüksək, tədiyyə balansının profisitli olmasıdır. Ümumi vəziyyətə əsasən güman edirəm ki, milli valyutamızın 2024-cü ildə dollara nisbətdə məzənnəsi dəyişməyəcək”.
Tehsil-press.az