Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı rəsmi - Açıqlama

Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı rəsmi - Açıqlama Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov cinayət törətməkdə şübhəli bilinən 55 nömrəli məktəbin direktor müavini Elsevər İslamovla bağlı məsələyə aydınlıq gətirib.

Bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

“Düşünürəm ki, bu məsələdə hələ tələsməyək, hüquq-mühafizə orqanlarının araşdırmasının yekun nəticəsini gözləyək. Bu şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub. Ümid edirəm ki, ədalətli qərar olacaq”, - o vurğulayıb.

E.Bağırov, həmçinin əlavə edib ki, E.İslamov uzun müddətdir direktorun təsərrüfat işləri üzrə müavini kimi fəaliyyət göstərib, pedaqoji fəaliyyətlə məşğul olmayıb.

Qeyd edək ki, təxminən 1 həftə öncə itkin düşdüyü bildirilən Müsavat Partiyasının fəalı Natiq Mehdinin qətlə yetirildiyi məlum olub. Baş Prokurorluq və DİN-in birgə yaydığı məlumata əsasən, onun iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən Elsevər İslamov Xətai rayonunda yerləşən 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub.

Natiq Mehdi isə həmin məktəbdə mühafizəçi vəzifəsində çalışırmış.

Tehsil-press.az

Oxşar xəbərlər