Türkiyənin Azərbaycana təyin etdiyi yeni səfir kimdir? - DOSYE

Türkiyənin Azərbaycana təyin etdiyi yeni səfir kimdir? - DOSYE Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Prof. Dr. Birol Akgün beynəlxalq əlaqələr və siyasi elmlər sahəsində tanınmış akademik və təcrübəli idarəçidir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan onun təyinatını təsdiqləyib.

1968-ci ildə Manisanın Soma ilçəsində anadan olan Akgün ilk və orta təhsilini burada tamamlayıb.

1993-cü ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinin dövlət idarəçiliyi ixtisasını bitirib. 1994-cü ildə Milli Təhsil Nazirliyinin tapşırığı ilə rəsmi təqaüdlə magistr təhsili almaq üçün ABŞ-a gedib. Orada Case Vestern Reserve Universitetində (Klivlend, Ohayo) siyasi elmlər üzrə magistr (1996) və PhD (2000) dərəcəsini alıb.

Türkiyəyə döndükdən sonra Selcuk Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin Beynəlxalq Əlaqələr Departamentində işləməyə başlayıb. 2001-ci ildə dosent, 2009-cu ildə isə professor elmi dərəcələrini qazanıb. Daha sonra Yıldırım Beyazıt Universiteti Siyasi elmlər fakültəsinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışıb.

Prof. Dr. Birol Akgün 2016-cı ildən etibarən Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri olaraq, Türkiyənin beynəlxalq təhsil sahəsindəki fəaliyyətlərinə rəhbərlik edib. Bu vəzifədə dünyanın müxtəlif ölkələrində təhsil müəssisələrinin qurulması və idarə olunmasında mühüm rol oynayıb.

Akgün siyasi sosiologiya, diaspora və miqrasiya siyasəti, inkişaf etməkdə olan ölkələr, qlobal miqrasiya və yüksələn güclər, beynəlxalq təşkilatlar və Türkiyə mövzularında çoxsaylı elmi nəşrlərin müəllifidir.

Türkiyənin Azərbaycana yeni səfiri olaraq təyin edilən Prof. Dr. Birol Akgün, iki qardaş ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcək. Onun geniş akademik biliyi və idarəçilik təcrübəsi bu vəzifədə uğurlu olacağına işarə edir./Musavat.com/

Tehsil-press.az

Oxşar xəbərlər