Azərbaycan Texniki Universiteti ilə Türkiyənin OSTİM Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Texniki Universiteti ilə Türkiyənin OSTİM Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin OSTİM Texniki Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
İmzalanma mərasimində AMEA-nın birinci vitse-prezidenti, humanitar və ictimai elmlər bölmələrinin sədri, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor İsa Həbibbəyli, Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkəri, Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Serdar Çam, Maarif Fondunun sədri Birol Akgün, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil attaşesi Nəcibə Nəsibova, Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər şəxslər, həmçinin hər iki universitetin nümayəndələri iştirak ediblər.
Müqaviləni AzTU-nun rektoru, professor Vilayət Vəliyev və OSTİM Texniki Universitetinin rektoru Murat Yülek imzalayıblar.
Sənədə əsasən, AzTU-da tədris olunan ingilis dili fənni üzrə OSTİM Texniki Universitetinin standartları, müvafiq tədris proqramları tətbiq ediləcək. OSTİM Texniki Universiteti tərəfindən təqdim olunan tədris proqramları tələbələrin dinləmə, yazma, oxuma bacarıqlarının inkişaf etdirilməsinə, həmçinin texniki terminologiyanın mənimsənilməsinə də imkan yaradacaq. Yeni standartların tətbiqi xarici dil fənninin tədrisinin üç semestrə qədər artırılmasını təmin edəcək. Eyni zamanda, bütün səviyyələr üzrə dərsliklərin alınması, aralıq və yekun qiymətləndirmə imtahanlarının keçirilməsi, kursun yekununda tələbələrə OSTİM Texniki Universitetinin sertifikatlarının verilməsi də nəzərdə tutulub. Qeyd edək ki, OSTİM Texniki Universitetinin mütəxəssisləri tərəfindən hazırlanan ingilis dili kitablarında QR. (Quick Response) kodu tətbiq olunub.
Çıxış edənlər AzTU-nun OSTİM Texniki Universiteti ilə bu əməkdaşlığının beynəlxalq təhsil sisteminə inteqrasiyası kimi dəyərləndiriblər. Bu əməkdaşlığın həm də eyni ortaq dəyərlərə malik qardaş ölkələrin tarixi birliyinin daha da möhkəmlənməsinə xidmət edəcəyi vurğulanıb.

Tehsil-press.az

Oxşar xəbərlər