AzMİU tələbələri narazıdırlar: Təqaüdlər gecikir, bufetdə qiymətlər "cib yandırır"

AzMİU tələbələri narazıdırlar: Təqaüdlər gecikir, bufetdə qiymətlər Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri təqaüdlərinin gec verilməsindən və universitet bufetində qiymətlərin baha olduğundan şikayət edirlər.

Bununla bağlı paylaşım sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.

Qeyd olunub ki, dekabr ayı olmasına baxmayaraq, hələ də noyabr ayının təqaüdləri verilməyib. Təhsil müəssisəsinin bufetində isə qiymətlər digər universitetlərlə müqayisədə çox bahadır.

Məsələ ilə bağlı açıqlama verən AzMİU-nun PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev hər iki şikayətə aydınlıq gətirib.

O qeyd edib ki, digər ali təhsil müəssisələrində olduğu kimi, AzMİU-da da tələbələrə təqaüd dövlət tərəfindən verilir.

"Proses belədir ki, Elm və Təhsil Nazirliyinin təqdimatı əsasında təqaüdlər universitetin büdcəsinə, universitet tərəfindən isə tələbələrin kartlarına köçürülür. Artıq ötən gün, yəni 11 dekabr tarixində, təqaüdlər tələbələrin hesablarına köçürülüb. Düşünürəm ki, bir neçə saat ərzində tələbələr təqaüdlərini ala biləcəklər", - deyə N.Abdullayev bildirib.

Bufetdəki qiymətlərin digər universitetlərlə müqayisədə daha yüksək olmasına gəlincə isə N.Abdullayev vurğulayıb ki, bufetdə qiyməti təyin etmək və ya nizamlamaq universitetin səlahiyyətində olan məsələ deyil:

"Bufetdəki qiymətə gəlincə, ilk olaraq qeyd edim ki, universitetimizə məxsus üç tədris korpusunun ümumilikdə yeddi bufeti var. Bu bufetlər hamısı İqtisadiyyat Nazirliyi tərəfindən təhsil müəssisələrində iaşə xidməti göstərmək üçün lisenziyası olan şirkətlərlə universitetin arasında bağlanan müqavilə əsasında məhz həmin şirkətlər tərəfindən idarə olunur.

Mütəmadi olaraq universitetimiz və aidiyyəti dövlət qurumları tərəfindən bufetlərdə yoxlamalar aparılır, qiymətlər hər zaman diqqətdə saxlanılır.

Hazırda mövcud olan qiymətlər isə bazar tələblərinə uyğundur. Yeməkdən sonra çayın verilməsi ümumiyyətlə pulsuzdur. Bir daha qeyd etmək istərdim ki, bufetdəki qiymətlərlə bağlı biz universitet olaraq, sadəcə, tövsiyə verə bilərik. Yəni bizim elə bir səlahiyyətimiz yoxdur ki, hansısa şirkətə deyək ki, məhsulunu bu qiymətə sat və ya pulsuz ver.

Sonda bir şeyi də qeyd edim ki, ictimai təşkilatlar vasitəsilə hər ay təxminən 100 nəfərə yaxın tələbənin yemək pulunu universitet tərəfindən ödəyirik".

Tehsil-press.az

Oxşar xəbərlər