“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb Mayın 5-də “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.
Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.
Tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.
Öncə Bülbül adına orta ixtisas musiqi məktəbinin uşaq xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan son döyüşlərdə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təhsil naziri Mikayıl Cabbarov “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərini təbrik edib, müsabiqənin ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək baxımından mühüm rol oynadığını bildirib. Nazir qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində təhsilin hərtərəfli inkişafı üçün müxtəlif proqram və layihələr uğurla həyata keçirilməkdədir.
Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi ərəfəsində olduğunu nəzərə çatdıran M.Cabbarov bu dövrdə ölkə təhsilinin keçdiyi müasirləşmə və islahatlar prosesindən bəhs edib, son illərdə təhsil islahatlarının məzmunca daha praktik və səmərəli xarakter aldığını söyləyib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təsbit olunan strateji istiqamət və hədəflər Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini müəyyənləşdirir.
Azərbaycanda təhsilin infrastrukturunun əsaslı şəkildə yenilənməsinə diqqət çəkən nazir tədris ocaqlarının maddi-texniki bazasının müasir tələblər səviyyəsinə qaldırıldığını bildirib. Həmçinin, müəllim peşəsinin nüfuzunu artırmaq üçün təsirli tədbirlər görülür, müəllimlərin bilik və bacarıqlarını təkmilləşdirməyə, zəruri inkişafyönümlü metodikaları çatdırmağa imkan verən mexanizmlər tətbiq olunur.
Ümumi təhsil müəssisələri rəhbərlərinin peşəkar meyarlar əsasında müəyyənləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyətinə toxunan M.Cabbarov, həmçinin yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi, xaricdə təhsil üzrə qarşıda duran hədəflər və digər aktual məsələlərə dair fikirlərini bildirib.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov müsabiqənin əhəmiyyəti haqqında fikirlərini söyləyib. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyini vurğulayan Baş nazirin müavini belə tədbirlərin şagirdlərin dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini nəzərə çatdırıb.
Sonra çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev müsabiqə qaliblərini təbrik ediblər.
Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla, 18 nəfər isə tərifnamə ilə təltif olunub.
Müsabiqə qaliblərinə müxtəlif qiymətli hədiyyələr təqdim edilib.


Tehsil-press.az

Oxşar xəbərlər