20 Yanvar faciəsi qurbanlarının xatirəsi Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən əziz tutulur

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən əziz tutulur Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı tarixi vətənimiz Azərbaycanın suverenliyi, azadlığı və müstəqilliyi uğurunda canlarından keçmiş qəhrəman övladlarımızın - şəhidlərimizin xatirəsini əziz tutmalı və daim qəlblərində yaşatmalıdırlar.

Bu fikirlər Tbilisidə “Alyans” Gənclər Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar keçirilmiş tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgiyə baxıblar.

Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova 20 Yanvar faciəsinin müasir Azərbaycan Respublikasını müstəqilliyə aparan yolda dönüş nöqtələrindən biri olduğunu, xalqımızın qəhrəmanlığı və Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində SSRİ rəhbərliyinin öz məkrli məqsədlərinə nail ola bilmədiklərini söyləyib. O, 20 Yanvar hadisələri zamanı xalqımızın qəhrəman oğul və qızlarının ağır silahlanmış sovet ordusuna qarşı əliyalın mübarizə apararaq azadlıq və dövlət müstəqilliyimiz uğrunda canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucaldıqlarını qeyd edib.

Daha sonra Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov, iqtisadçı alim Aygül İsayeva, Tengiz Məmmədov, tələbələrdən Nərgiz Bağırova çıxış ediblər. Bildirilib ki, hadisəyə ilk hüquqi-siyasi qiyməti Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Ümummilli Lider Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Qanlı Yanvar haqqında beynəlxalq ictimaiyyətə məlumat verib, xalqımızın haqq səsini dünyaya çatdırıb, SSRİ rəhbərliyinin vəhşi əməllərini cəsarətlə dilə gətirib./AZERTAC/

Tehsil-press.az

Oxşar xəbərlər