Azərbaycanda istehsal edilən məhsullar belə satılırdı – Araikdən etiraf

Azərbaycanda istehsal edilən məhsullar belə satılırdı – Araikdən etiraf “Azərbaycanın vaxtilə işğal altında olmuş suveren ərazilərində istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb”.

Bunu Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Saakyan deyib.

B.Saakyan işğal dövründə Ermənistan vətəndaşlarının Qarabağda, Qarabağda yaşayan erməni sakinlərin isə Ermənistanda həmin ölkənin vətəndaşlarının statusu ilə daşınmaz əmlak ala bildiklərini, digər hüquqlardan da istifadə etdiklərini bildirib və deyib:

“Ermənistan bizim üçün xarici ölkə hesab edilmirdi”.

Təqsirləndirilən şəxs Araik Arutyunyan da dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən deyib ki, Azərbaycanın işğal altında olan ərazilərində istehsal edilmiş məhsullar Ermənistan vasitəsilə xaricə satılarkən üzərində “Made in Armenia” sözləri yazılıb.

O əlavə edib: “Çünki Qarabağın “ixrac” etməyə hüququ, imkanları yox idi. “İxrac olunan” növlər çox deyildi. Yalnız bir neçə şirkət idi ki, “ixrac”la məşğul olurdu. Bu şirkətlər Ermənistanda qeydiyyatdan keçirdi, filiallar, qardaş şirkətlər kimi. Çünki sertifikatlaşdırma və digər sənədləşdirmə işləri üçün yeganə yol bu idi. Son mərhələdə bu məhsul Ermənistandan ixrac olunurdu. Yaxud Ermənistanda qeydiyyatdan keçmiş hansısa şirkətə köçürülürdü, həmin şirkət vasitəsilə emal edilirdi”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 17-də davam etdiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər