
Həmin müsahibəni təqdim edirik:
- Çingiz müəllim, 3 ildir davam edən Rusiya-Ukrayna müharibəsi barədə nə düşünürsünüz? Bu müharibə nə zaman bitər?
- Müharibə hər iki tərəfə - ruslara da, ukraynalılara da böyük zərbədir. Mən hesab edirəm ki, bu, çox böyük bir faciədir. Amma müharibə haqqında bir söz yazan kimi bəzi səviyyəsiz insanlar, ya Ukraynadan, ya Rusiyadan mənə yazmağa başlayırlar. İndi bu iki millət bir-birini sevmir. Çünki müharibədi! Bu müharibədə nə qədər insanlar həlak olub. Bu haqda həqiqəti danışmaq az qala mümkünsüz şeyə çevrilib. Amma ağıllı adamlar mənim fikirlərimlə razılaşırlar və bildirirlər ki, sizi başa düşürük. Mən həmişə müharibənin əleyhinə olmuşam, bu, hər iki xalqın faciəsidir.
- Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviç haqqında “Əfsanəyə çevrilmə haqqı” adlı kitab yazmısınız. Sizin əsərlərinizin kontekstindən yanaşanda hazırkı real vəziyyəti necə xarakterizə edərdiniz?
- ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlar aparır. Mən qorxuram, belə davam etsə, Ukraynanı parçalayacaqlar. Görərsiniz... Bundan çox qorxuram...
- Sizin Viktor Yanukoviç haqqında yazdığınız kitabda belə bir ehtimal hiss edilirdi?
- Bəli, o vaxt da belə bir təhlükə vardı. Hələ ondan əvvəl, 2004-cü ildə Ukraynada Viktor Yanukoviçi prezident seçdilər. Buna baxmayaraq, onu qəbul etmədilər, üçüncü tur təşkil etdilər və Viktor Yuşşenkonu prezident təyin etdilər. Halbuki bu addım qanunsuz idi və ona yol vermək olmazdı. 2014-cü ildə də eyni hadisələr yaşandı. Yanukoviçi yanında olan adamlar - dostları satdılar. Bu, Ayaz Mütəllibovun faciəsinə bənzəyir. Rəhmətə gediblər, ona görə bəziləri haqda danışmaq istəmirəm. Mütəllibov özü də bu barədə kitabında yazıb. Onu üç ən yaxın dostu, ən yaxın adamları, kimi yüksək vəzifəyə təyin etmişdisə, onlar satdılar. Bu kimi faciə hər yerdə olur və olacaq.
- Viktor Yanukoviçlə bağlı kitabı yazmaq qərarınızın hardan qaynaqlandığını bilmək istərdik.
- Ukraynadan bir xeyli adam, o cümlədən bir qubernator mənə müraciət etdi ki, siz yazıçı kimi ölkəmizdə ən çox tanınmış insansınız. İnanın, indi də Ukraynada elə şəhər yoxdur ki, orada kitablarım olmasın. Viktor Yanukoviç haqqındakı “Əfsanəyə çevrilmə haqqı” adlı kitabım rus və Azərbaycan dillərində nəşr edilib.
Mən kitab təklifi ilə öncə razılaşmadım. Çünki ömrümdə heç vaxt sifarişlə bir cümlə də yazmamışam. Bildirdim ki, araşdırma aparım, sonra qərar verərəm. Mənim Ukraynaya getdiyim gün Viktor Yuşşenko minlərlə yəhudini öldürən adamın oğluna qəhrəman adı verdi. Düşündüm ki, bunu qəbul etməyəcəm, heç vaxt faşistləri sevməmişəm və sevməyəcəm. Çünki əmim müharibədə dünyasını dəyişib.
Beləliklə, araşdırma aparmağa başladım və Kiyevdə kitabı yazdım. Kitab 100 min tirajla nəşr edildi, hamısı prezident seçkilərində paylandı. Prezident seçkilərində Viktor Yanukoviç seçildi. Hələ onun zəif lider olduğu 2004-cü ildə hiss edilirdi, onda seçildiyi halda razı oldu ki, üçüncü tur keçirilsin və onu prezident seçməsinlər...
- Kitabı Viktor Yanukoviçə təqdim etdinizmi?
- Bəli, kitabı Viktor Yanukoviçə təqdim etmişəm.
- Ukraynanın indiki duruma düşməsində dediyiniz xəttin də rolu varmı?
- Baxın, indi Ukraynada necə qızğın döyüşlər gedir, iki xalq bir-birinə nifrət edir. Ukraynalılar ruslara, ruslar isə ukraynalılara faşist deyirlər. Bir-birilərini görmək istəmirlər. Mən qorxuram, Donald Trampla danışıqlar uğurla keçsə də, müharibə dayanmasın. Çünki iki xalqın bir-birinə nifrət böyükdür.
Amma təəssüf ki, Ukrayna Prezidenti Volodimir Zelenskini satacaqlar. O, cavan və yaxşı insandır. Ona ətrafında olan adamlar xəyanət edəcəklər. Tarixdə həmişə belə olub və yenə olacaq.
- Rusiya-Ukrayna müharibəsindən əsər yazsanız, baş qəhrəmanınız kim olar?
- Heç kim... Hələlik qəhrəman görmürəm. Sadəcə insanları görürəm, onlar nə etdiklərini başa düşmürlər.
- Çingiz müəllim, Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadənin AYB üzvlərinin Azərbaycan dilindən imtahan verməsi haqda təkliflə çıxış edib. Bu təkliflə bağlı mövqeyinizi bilmək istərdik.
- Bu haqda fikir bildirmək istəmirəm. Mən Məleykə Abbaszadəni çoxdan tanıyıram. Görünür, kimsə Məleykə Abbaszadəyə axmaq bir sual verib, o da hirslənərək belə bir fikir bildirib.
- Məleykə Abbaszadə bu təklifi tədbirdə açıqlayıb. Ümumiyyətlə, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi olaraq, yazıçıların Azərbaycan dilindən imtahan verməsi təklifini necə qarşılayırsınız?
- Mən az öncə dediyim kimi Məleykə Abbaszadəni çoxdan tanıyıram, ona görə də bu məsələ haqda fikir bildirə bilmərəm. Bəlkə Məleykə Abbaszadəyə hansısa sual ünvanlayıblar, o da elə cavab verib. Onu da başa düşün, qadındır, hamı üstünə düşür. Təbii ki, dili yaradan yazıçılardır. Dil bazarda yaranmır. Dil institutlarda da yaranmır. Dili yazıçılar yaradır, mən də rus dilində yazıram. Amma yazıçı Anar Rzayev, Fikrət Qoca, Nəbi Xəzri, Cabir Novruz, İsmayıl Şıxlı, Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza kimi şəxsiyyətlərimiz Azərbaycan dilini yaradıblar.
Yazıçıların imtahan verməsi gülməli görsənir. Yenə deyirəm ki, Məleykə Abbaszadəni başa düşmək lazımdır, indi hamılıqla qadının üstünə düşüblər. Belə etmək lazım deyil. Bəlkə hirslənib o fikri bildirib, amma belə də yox...
- Yazıçıların Azərbaycan dilindən imtahan verməsi haqda təklif təsdiq edilsə, siz imtahanda iştirak edərsinizmi?
- Bəli, lazım olsa imtahanda iştirak edərəm. Mən rus dilində yazıram. Azərbaycan dilini də çox gözəl bilirəm. Onu da deyim ki, yazıçı Anarın kitabını Azərbaycan dilindən rus dilinə mən tərcümə etmişəm. Halbuki yazıçı Anar rus dilini məndən aşağı səviyyədə bilmir. O məktəbi Azərbaycan dilində bitirsə də, üç ali təhsilini rus dilində alıb. Düzdür, and içdim ki, heç vaxt kitab tərcümə etməyəcəm. Mənə beş kitab yazmaq daha uyğundu, nəinki bir kitabı tərcümə etmək.
Dediyim kimi, lazım olsa, imtahan da verərəm. Düzdü, inanmıram ki, mənə “beş” verəcəklər, amma heç olmasa “dörd” alaram... (Gülür).
- Sizin həyatda ünsiyyət diliniz rus dilidi, yoxsa Azərbaycan dili?
- Mən Azərbaycan dilində danışıram, rus dilində yazıram.
- Bununla bağlı tənqidi fikirlər olurmu?
- Tənqidi fikirlər olmur, amma deyirlər ki, Bakı ləhcəsi ilə danışırsınız. Axı, mənim anam bakılıdır və Bakı ləhcəsində danışmağım təbiidir. Bunda elə bir nöqsan görmürəm. İndi nə edək, mən də belə danışıram.
Nizami Gəncəvinin İtaliyada abidəsi qoyuldu. O zaman iranlılar etiraz etdilər ki, Nizami Gəncəvi fars şairidir.
Biz isə abidənin üstünə italyan dilində yazmışıq ki, Azərbaycan şairi Nizami Gəncəvi. Yəni, Nizami Gəncəvi fars dilində, İsmayıl bəy Qutqaşınlı fransız dilində, Maqsud İbrahimbəyov, Çingiz Aytmatov, Oljas Süleymenov, Fazil Abduloviç İsgəndər, Vasil Bıkov rus dilində yazıblar. O zaman belə çıxır ki, onlar öz ölkələrinin yazıçıları deyillər?!
Bu, gülməli səslənir. İnsan özü bilir ki, hansı dinə, millətə məxsusdur, əsas mövzusu nədir. Manqurt obrazı yaratmış Çingiz Aytmatova irad tutmaq olardı ki, siz rus dilində yazırsınız, rus yazıçısısınız? Xeyr! Mən müharibə vaxtı 8 dəfə Rusiyada çıxış etmişəm. Mənə necə demək olar ki, rus yazıçısıdır?! Rus yazıçısı Azərbaycanı müdafiə edərmi?!
1990-cı ildə yaşanan 20 Yanvar faciəsi haqqında “Qara Yanvar” adlı kitab yazmışam. Rus ordusunun, sovet ordusunun əleyhinə... Məgər bunu rus yazıçısı yazar?!
- Müharibə dövründə 8 dəfə çıxış etmisiniz. Biz o çıxışları izləmişik…
- Bəli, hətta Amerikada radioların birində də çıxış etmişəm, Alen Simonyanla. İndi Ermənistan parlamentinin sədridir. Biz müharibə zamanı üç rayonumuzu azad etmişdik, Simonyana dedim ki, görürsünüz, müharibə necə gedir? Mənə cavab verdi ki, müharibə getmir, bir neçə metr torpaq azad etmisiniz. Həyasızlığa baxın.
- Qarabağla bağlı əsər yazmağı düşünürsünüzmü?
- Qarabağla bağlı üç-dörd hekayəm nəşr edilib. Hazırda Şuşa haqqında material toplayıram. Kitab Şuşanı necə azad etməyimiz haqqında olacaq. Şuşanı düşmənlərə necə verməyimiz haqqında da yazmalıyam, amma bunu yazmayacam. Çünki o zaman çoxlu xəyanətlər olub. Bu bizim böyük faciəmiz idi. Şuşanı azad etməyimiz isə xalqımızın qəhrəmanlığıdır.
“YAŞAT” Fondunun Himayəçilik Şurasının tərkibində olan adam kimi dəqiq bilirəm ki, Şuşanı necə azad etdik. Gənclərimiz o vaxt torpaqlarımızı xilas etmək üçün könüllü gedirdilər.
- Haqqınızda belə bir iddia var ki, əsərlərinizi yazarkən arxivdən sizə məxfi sənədləri təqdim edirlər, əsərlərinizi də onun əsasında yazırsınız. Maraqlıdır, Şuşa haqqında əsər yazarkən, eynilə yenə sizə məxfi məlumatlar lazım olacaq?
- Bəli, məxfi məlumatlar lazım olacaq, amma inanmıram ki, kimsə məxfi sənədləri bu dəfə məndən gizlətsin. Axı, mən gənclərimizin qəhrəmanlığı haqqında əsər yazmaq istəyirəm. Nə məlumat lazımdırsa, verəcəklər. Burada gizli heç nə yoxdur.
Tehsil-press.az