
Görüşdə ilk olaraq məktəbin direktoru Günel Yusifzadə çıxış edərək, Xaldan kənd məktəbinin son illərdə əldə etdiyi uğurlardan bəhs edib. Daha sonra Mingəçevir Dövlət Universitetinin nümayəndələri şagirdlərə ali təhsil və Mingəçevir Dövlət Universitetinin təklif etdiyi imkanlar haqqında məlumat veriblər.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Namaz Manafov MDU-nun rektoru vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalovun salamlarını Xaldan məktəbinin buraxılış sinif şagirdlərinə çatdırıb. O, tələbə olmaq üçün Mingəçevir Dövlət Universitetini seçməyin önəmini vurğulayıb və şagirdləri universitetə dəvət edib. N. Manafov universitetin tədris prosesi, ixtisaslar və şagirdlərə təqdim olunan imkanlar haqqında ətraflı məlumat verib.
Mingəçevir Dövlət Universitetinin baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Məlahət Rəhimova, həmçinin universitetə aid hazırlanmış video-çarxı təqdim edərək şagirdlərə gələcək təhsillərində uğurlar arzulayıb.
Görüşdə iştirak edən Mingəçevir Dövlət Universitetinin dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Ofeliya Səmədova isə Xaldan kənd məktəbindəki təhsil illərini xatırlayaraq, universitetdəki təcrübəsi və imkanları haqqında şagirdlərlə bölüşüb.
MDU-nun hazırkı tələbələri Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə II kurs magistrantı Nigar Salahova və I kurs tələbəsi Aygün Mustafayeva universitetdəki tədris şəraiti və imtiyazlar haqqında məlumat verərək, gələcək tələbələrə Mingəçevir Dövlət Universitetini seçməyi tövsiyə ediblər.
Görüşün sonunda universitet alimləri Xaldan kənd məktəbinin buraxılış sinif şagirdlərinin suallarını cavablandırıblar.
MDU bu cür təşviqat və təbliğat işləri ilə gənc nəslin təhsil sahəsindəki seçimlərinə dəstək olmağa davam edəcək.
Tehsil-press.az