
Bunu bir müddət əvvəl həbs edilən və aprelin 7-də azadlığa çıxan tanınmış hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında yazıb.
O bildirib ki, çox sayda insan ona sosial şəbəkədə dəstək olub:
"Bir daha millətimizin nə qədər qədirbilən, mərhəmətli, xeyirxah olduğuna, ailə dəyərlərinə sadiq olduğuna əmin oldum. Əslində, həbsxana həyatı da kişilər üçün bir məktəbdir. Çox insanlarla təmasda oldum, çox kitab oxudum, ətrafıma qələbəmizin əhəmiyyəti barədə geniş məlumatlar təqdim etdim. Az sonra ətrafımda kitab oxuyanların və yerli KİV-i izləyənlərin sayı maksimum artdı, bu insanlar qələbəmizin davamını gözləməyə başladılar. Prezidentimizə tam dəstək verən insanlar komandanımızın əfv və amnistiya qərarlarını səbirsizliklə gözləyirlər. İctimai fikrə təsir etmək imkanımdan maksimum istifadə edərək insanlara doğru məsləhət verməyə çalışırdım, onları bundan sonra səhv addımlardan kənar olmağa dəvət edirdim. Bundan sonra da dövlətimiz naminə eyni istiqamətdə fəaliyyətlərimi davam etdirəcəyəm. Bu gün bir daha bildirirəm ki, heç bir anlaşılmazlıq, məhdudiyyət və ya həbs mənim dövlət, bayraq və vətən sevgimə mənfi təsir edə bilməz.
Uca tanrı müzəffər Ali Baş Komandanımızı, qalib dövlətimizi, qəhrəman əsgərimizi, üçrəngli bayrağımızı və mərd xalqımızı qorusun. Aprelin 7-dən azadlıqdayam. İlk olaraq dövlətimizin memarı olan ulu öndərimizi və qəhrəman şəhidlərimizi ziyarət etdim. Allah hamısına rəhmət etsin".
Tehsil-press.az