
Həmin yazını oxucuların diqqətinə çatdırırıq:
İnkişaf etməyə iddialı olan ölkə və şirkətlər üçün məhsuldar sistem liderlərinə daha çox ehtiyac var. Belə qurumlara yalnız xarizmatik çıxışlarla deyil, davamlı sistem quruculuğu ilə dəyər yaradan liderlər gərəkdir. İrəliləyiş, populist ritorikalardan deyil, strukturlaşdırılmış həllərdən doğur. Bu cür liderlər mühəndis dəqiqliyi, səbr, qətiyyət və məqsədyönlü yanaşma ilə seçilirlər. Sistem liderliyinin ən çətin tərəfi insan amili ilə bağlı olanıdır. Bu səbəbdən özümüzdən iki nümunə çəkəcəm: əmək və əhalinin sosial müdafiəsi sabiq naziri Sahil Babayev və təhsil naziri Emin Əmrullayev. Onların liderlik tərzi və iş metodları qurumlarda sistemli liderliyə iddialı olan rəhbərlər üçün ciddi yerli nümunə sayıla bilər.
Bu iki məmur illərlə yığılıb qalmış, həllinə ciddi cəsarət, təmkin və səbr tələb edən ağır problemlərin altına girmişlər. İctimai qınağa tuş gələcəklərini, reputasiya riski ilə üzləşəcəklərini biləsələr də, addım-addım bu problemləri həll edirlər.
Onlar daha çox perspektiv yaradan faydalı işlərə imza atmağa maraqlı olurlar. Onlar populist deyil, detallarda uğur axtaran, mühəndis düşüncəli və məqsədyönlü liderlərdir. Sistem liderləri istəsələr də populist ola bilmirlər; buna ehtiyac da görmürlər, çünki bunu faydasız hesab edirlər. Motivasiyaları, xırda da olsa, sistemləşdirdikləri uğurlardan gəlir. Nə istədiklərini və hara getdiklərini dəqiq bilirlər. Eyni zamanda bilirlər ki, irəliləyiş yavaş-yavaş, həzm edilərək aparılmalıdır.
Sancılı dövrləri sistem liderləri ilə keçmək dayanıqlı nəticələr verir. Onlar kosmetik dəyişikliklərdən qaçırlar – problemin fundamentinə enirlər. Caridə bəzi insanları narazı salsalar da, orta və uzaq gələcəkdə onların atdığı addımların faydası böyük olur. Onlara sistemin gələcəklə əlaqəsi daha maraqlıdır. Onlar bu günü yox, sistemi gələcəyə necə daşımağı, yaxud gələcəyi qurmağı düşünürlər. Günü qurtarmağı iş hesab etmirlər. Sistem liderlərinə ən çox onların xələfləri dua edər, çünki çox şeyi sistemli və ağır yüklər olmadan təhvil alırlar. Onlar tam bir Kaizen lideridir. Tarix və dünya öz inkişafını çox zaman bu cür mühəndis səriştəli, səbrli və sistemli liderlərə borcludur.
Ziya Rəcəbov
Veysəloğlu Şirkətlər Qrupunun İnsan Resursları direktoru
Veysəloğlu Şirkətlər Qrupunun İnsan Resursları direktoru
Tehsil-press.az