
Bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında həmişə yüksək fikirlər işlədib:
“Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı Ulu öndərin öz xanımı, ailə modeli haqqında düşüncələri ilə tanış olmalıdır. Ulu öndər deyirdi: “Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi. Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. Bu fikirlər bir azərbaycanlı kişisinin öz xanımına nə qədər böyük dəyər verməsinin göstəricisidir. Zərifə xanımın, Ulu öndərin ailəsi hər bir ailə üçün nümunə olmalıdır. Yalnız qarşılıqlı dəstək, hörmət, dəyər ilə ailə möhkəm, sarsılmaz ola bilər”.
M.Vəliyevaya bildirib ki, Zərifə Əliyeva vəfalı həyat yoldaşı olmaqla bərabər, həm də böyük alim idi:
“Onun elmi fəaliyyəti Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələdir. Oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatları bu gün də aktuallığını qoruyub saxlayır. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib. 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olub. Gözün peşə xəstəlikləri problemi Zərifə xanımın daim maraq dairəsində olub. Alim dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirib. Zərifə xanım Əliyevaya 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilib. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb. Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Təəssüf ki, xəstəlik Zərifə xanım Əliyevaya elmi və ictimai fəaliyyətlərini davam etdirməyə imkan vermədi. O, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib”.
Millət vəkili qeyd edib ki, özündən sonra Zərifə xanım Azərbaycan xalqına çox dəyərli miras, izlər qoydu. Nümunəvi ana olan Zərifə xanım övladlarına yüksək mənəvi əxlaq, liderlik, vətənpərvərlik keyfiyyətləri aşılamışdır. Prezident İlham Əliyevin anası Zərifə xanım Əliyeva haqqında səsləndirdiyi yüksək fikirlər onun həyat cizgilərini gözümüz önündə aydın canlandırmağa imkan verir.
“Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı. Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi”.
O, əlavə olaraq qeyd etdi: “Tale elə gətirdi ki, 2001-ci ildən 2020-ci ilə qədər əvvəl Heydər Əliyev adına Müasir Təhsil Kompleksində , sonra isə Akademik Zərifə Əliyeva adına liseydə işləməli oldum. Bu böyük şəxsiyyətlərin həyat yolu, ictimai-siyasi fəaliyyətləri, daşıdıqları əqidə, sevgi, dəyər anlayışları mənim üçün çox böyük bir məktəb oldu, eyni zamanda ciddi bir məsuliyyət gətirirdi. Adlarına layiq olmaq məsuliyyəti. Akademik Zərifə Əliyeva adına liseyə rəhbərlik etdiyim dövrdə müəllim və şagird kollektivinin “Etimada sədaqətlə xidmət edirik!” şüarı ilə Zərifə xanım Əliyevanın bütün nəcib əməllərini, xeyirxahlığını, humanistliyini, nəcibliyini daşımağa çalışdığını qürur hissi ilə xatırlayıram. Onun adını daşıyan liseyin şagirdlərinin indi uğurlu səs-sədası xalqa və vətənə xidmət etməyin nümunəsidir. Bu lisey sözün əsl mənasında Zərifə xanım Əliyevanın idi. Sanki vaxtı ilə qoyub getdiyi dəyərləri ilə yol göstərir və himayə edirdi”.
Sonda millət vəkili əlavə edib ki, Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə yaddaşlarda qalacaq, onun parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Tehsil-press.az