BDU-da “Heydər Əliyev mühazirələri” çərçivəsində Milli Məclisin üzvü Samir Vəliyevlə görüş

BDU-da “Heydər Əliyev mühazirələri” çərçivəsində Milli Məclisin üzvü Samir Vəliyevlə görüş Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Milli Məclisin üzvü Samir Vəliyevlə görüş keçirilib.

Giriş nitqi ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov "Heydər Əliyev mühazirələri" layihəsi haqqında məlumat verib, BDU-da uğurla həyata keçirilən gənclər siyasətindən danışıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dövlət gənclər siyasətinin banisi, gənclərin ən böyük hamisi olub. Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında vurğulayıb ki, bu gün ölkəmizdə mövcud olan sabitlik və inkişafın, eləcə də Azərbaycanın qazandığı nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasi xətti dayanır. O, həmçinin bu gün gənclər üçün yaradılan geniş imkanlar, müasir təhsil şəraiti və dövlətin gənclərə göstərdiyi diqqətin Ulu Öndərin ideologiyasının uğurlu davamının bariz nümunəsi olduğunu vurğulayıb.

Milli Məclisin üzvü, professor Samir Vəliyev bildirib ki, ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi Ulu Öndərin adı ilə bağlıdır. 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olub. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, Vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması ilə dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başlayıb: “Ulu Öndərin gənclərlə çoxsaylı görüşləri, tövsiyə və qərarları onların ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi. Bunun məntiqi nəticəsidir ki, 1996-cı ilin 2 fevralında Azərbaycan gənclərinin birinci forumu keçirildi. Ümummilli Liderin Sərəncamı ilə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi gəncliyin inkişafına xüsusi diqqət və qayğısının əyani göstəricisi idi. Hazırda Prezident İlham Əliyev tərəfindən dövlət gənclər siyasəti uğurla davam etdirilir. 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü il 2 iyul tarixində isə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi Azərbaycan gənclərinin müxtəlif sahələrdə uğurla fəaliyyət göstərərək yeni nailiyyətlər qazanmasına stimul və dayanıqlı zəmin yaradıb. Gənclər Prezident İlham Əliyevin islahatlar kursunun çox mühüm qüvvəsini təşkil edir”.

Daha sonra qonaq tələbələrin suallarını cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər