Samvel Karapetyanın rəhbərlik etdiyi siyasi qüvvə seçki yarışında açıq-aydın favoritdir. Bu barədə Erməni Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan deyib. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın köməkçisi qeyd edib ki, onlar Karapetyanın komandası ilə danışıqlar aparırlar, lakin hələlik heç bir nəticə əldə edilməyib. “Karapetyan və onun komandasının milli konsolidasiyaya nail olmaq imkanı var. Bu, onlardan asılıdır, bəlkə də onların şöhrət anı gəlib çatıb”, deyə o bildirib.
3,2 milyard dollar şəxsi sərvətə malik olan Samvel Karapetyan Rusiyada fəaliyyət göstərən “Taşir” şirkətinin sahibidir. O, 2025-ci ilin iyun ayında hakimiyyətin ələ keçirilməsi ilə bağlı ictimai çağırışlar etməsi ittihamı ilə həbs edilib, sonradan ev dustaqlığına buraxılıb.
Erməni müxalifəti hazırda parçalanmış və təsir imkanları məhdud olan siyasi qüvvələrdən ibarətdir. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanla əlaqəli qüvvələr müxalifətin əsas sütununu təşkil etsə də, cəmiyyətin böyük hissəsi onları köhnə sistemin siması kimi qəbul edir. Nikol Paşinyan hökumətinə qarşı əsas tənqidlər təhlükəsizlik, Qarabağdan sonra yaranmış siyasi məsuliyyət və sosial-iqtisadi problemlərlə bağlıdır. Buna baxmayaraq, müxalifət vahid strategiya və liderlik ortaya qoya bilmədiyindən, hakimiyyətə real alternativ kimi çıxış etməkdə çətinlik çəkir.
Baş verənlər 2013-cü ildə Rusiyanın Rüstəm İbrahimbəyov simasında müxalifəti bir araya yığmasını xatırladır. Lakin plan işləmədi. Cəmiyyət kənardan gətirilən layihəni qəbul etmədi, real sosial dayağın olmaması isə bu oyunu yarımçıq qoydu.
Qeyd edək ki, məşhur “Forbes” nəşrinin siyahısına əsasən, hazırda Samvel Karapetyanın 4 milyard dollar sərvəti var. “Forbes”ə görə Karapetyan Rusiya vətəndaşı Albert Avdolyandan sonra bütün dünyada ən zəngin erməni əsilli şəxs hesab edilir.
1999-cu ildə “Taşir Group”u yaradıb. Bu holdinqə bağlı 200-dən çox şirkət fəaliyyət göstərir və işçilərinin ümumi sayı 30 mindən çoxdur.
Samvel Karapetyanın Rusiyadakı əsas biznes sahələri aşağıdakılardır:
- Ticarət mərkəzləri: “RIO” brendi altında 16 ticarət kompleksi, 1,1 milyon m² ticarət sahəsi;
- Ofis və anbar sahələri, təxminən 98 000 m² ofis, 48 000 m² anbar;
- 8 otel, o cümlədən məşhur “Novotel Moscow City” və “Ararat Park Hotel Moscow”otelləri;
- Moskva və regionlarda çoxsaylı yaşayış, ofis layihələri inşa edib.
Eyni zamanda, Karapetyan Moskvada uzunmüddətli müqavilələr imzalayıb və mərkəzi küçələrin işıqlandırılmasını həyata keçirib.
Karapetyanın İrəvanda iki böyük ticarət mərkəzi var. Ermənistanın Elektrik Şəbəkələri şirkəti (“Electric Networks of Armenia”) ilə Hrazdan Termik Elektrik Stansiyasının səhmlərini də alıb.
O, həmçinin Moskvadakı “Ararat” futbol klubunu dəstəkləyir və erməni iş adamlarından ibarət “Association of Armenian Entrepreneurs” təşkilatına rəhbərlik edir.
Deputat Elşad Musayev bildirib ki, Rusiya bundan əvvəl də milyarder Vardanyan layihəsini ortaya atmışdı, Azərbaycan planı pozdu.
Deputatın sözlərinə görə, indi də Karapetyan üzərindən cəhd olunur, amma yenə də Azərbaycan və Türkiyə Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi cəhdini iflasa uğradır: "Söhbət sülh prosesi çərçivəsində Ermənistan hakimiyyətinə jestlərdən gedir. Bu addımlar daxili siyasətdə Paşinyanın mövqeyini möhkəmləndirir. Bu da heç də ona dəstək vermək istəyindən irəli gəlmir, ümumi maraqlara, yəni regionda dayanıqlı sülh olmasına hesablanmış məqsədə söykənir. Çünki Paşinyan hökuməti ilə sülh müqaviləsini imzalamaq mümkündür və prosesi sona çatdırmaq lazımdır. Rusiyanın adamı, lap elə Karapetyan seçkilərdə qalib gələrsə, bu məsələ uzana bilər. Eyni zamanda, Rusiya Ermənistanda diktə edəcək, vasitəçilik rolunu ələ almağa çalışacaq, bu da ümumi maraqlara xidmət etmir".
E.Musayevin fikrincə, erməni seçicisi Karapetyana səs verməyəcək və bunun səbəbi var: "Əvvəla, onun reytinqi yüksək deyil. Üstəlik, həbsdədir və mübarizə imkanları məhduddur. Ən əsası isə seçici rusun adamına səs verməz. Yəni bu Karapetyan yox, başqa bir namizəd də ola bilər, sadəcə, xalq Rusiyanın kadrına səs verməyəcək. Ona görə də Moskvanın seçki yolu ilə orada dəyişiklik məqsədi reallaşmayacaq. Çünki xalq Rusiyanı 44 günlük müharibəyə görə günahkar sayır, Paşinyan da eyni təbliğatı aparır, üstəgəl, hazırkı iqtidarla sülhə doğru getdiklərini görürlər. Xalq görür ki, sabitlikdir, erməni əsgəri sərhəddə ölmür. Amma Karapetyanı hakimiyyətə gətirsələr, heç kim zəmanət vermir ki, Rusiya yenidən regionda keçmiş münaqişəni qızışdırmayacaq. Bu baxımdan, Rusiyanın bir vaxtlar Azərbaycanda fiaskoya uğrayan layihəsinin Ermənistanda təkrarı da ölü doğulmuş kimidir".
Tehsil-press.az











