Abşeron RİH gücləndirilmiş iş rejiminə keçdi

Abşeron RİH gücləndirilmiş iş rejiminə keçdi Güclü küləklə müşayiət olunan intensiv yağışlarla əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyətində (RİH) Rayon Fövqəladə Hallar üzrə Komissiyasının iclası keçirilib, rayon üzrə xüsusi riskli ünvanlar müəyyən edilib.

Iclas zamanı Abşeron RİH-nin gücləndirilmiş iş rejiminə keçdiyi vurğulanaraq, qeyd olunan təbiət hadisəsi zamanı rayon ərazisində subasmaya məruz qalma ehtimalı olan ünvanların, o cümlədən daşma təhlükəsi olan su anbarlarının və göllərin, avtomobil yollarının diqqətdə saxlanılması əsas müzakirə mövzusu olub.

Kommunal xidmət sahələri (elektrik, qaz, su və digər) rəhbərlərinə, eyni zamanda rayonun şəhər, qəsəbə və kənd bələdiyyə sədrlərinə, icra nümayəndələrinə sözügedən sahələrin diqqətdə saxlanılması ilə bağlı konkret tapşırıqlar verilib.

Sadalanan təbii hadisələr zamanı ziyan görəcək sakinlərin müvəqqəti yerləşdirilmələri üçün Abşeron RİH tərəfindən rayonun bir neçə ərazisində sığınacaqlar təşkil edilib. Belə ki, sakinlər üçün təcili və təxirəsalınmaz qaydada yerləşdirilməsi məqsədilə Xırdalan şəhərində 2 ünvanda olmaqla, rayonun Saray qəsəbəsi, M.Ələkbərov küçəsində, Mehdiabad qəsəbəsi, “Mehdiabad” və “Məkan” mərasim evlərində, Görədil kəndi, E.Yusifov küçəsi, “Xeyir-Şər” Evində, Novxanı kəndi, Ə.Abuzərov küçəsindəki “Xeyir-şər” Evində, Məmmədli kəndində xeyir-şər evində, Fatmayı kəndində Qara Qarayev küçəsi, “Töhfə” Şadlıq Sarayında, Ceyranbatan qəsəbəsi, Nizami küçəsindəki “Xeyir-şər” Evində müvəqqəti sığınacaq yaradılıb. O cümlədən, ərazilər üzrə daşqına qarşı və təxliyyə xarakterli texnikalar, həmçinin xüsusi mülkiyyətdə olan özəl xidmət sahələri ilə texnikaların sayı müəyyən edilərək ərazilərə cəlb edilib.

Bundan əlavə bildiririk ki, güclü külək nəticəsində rayon ərazisində 21 ədəd ağac aşmış, qəzalı vəziyyətdə olan və aşmış ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı qurumlarının əməkdaşlarının iştirakı ilə Abşeron Rayon Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən ərazidən götürülüb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin, Dövlət Su Ehtiyatları Agentliyinin, Abşeron Rayon İcra Hakimiyyətinin və digər dövlət strukturlarının gərgin fəaliyyəti ilə fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, baş verəcək fəsadlara çevik reaksiya verilməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyətində “qaynar xətt” (342-40-00) fəaliyyət göstərir. Sakinlərdən son günlər davam edən küləkli və intensiv yağıntılı hava şəraiti ilə əlaqədar fövqəladə hallarla rastlaşdıqları təqdirdə qaynar xəttə müraciət etmələri xahiş olunur.

Tehsil-press.az

Oxşar xəbərlər