
Biz universitetlərin təhsil vermək missiyasını həmişə önə çəkməyə çalışmışıq. Lakin son zamanlar “təhsildən-elmə” paradiqması çərçivəsində bir neçə universitetdə elmi tədqiqatların kəmiyyət və keyfiyyət kriteriyalarına diqqət artıb. Yaşadığımız əsrdə Universitetlərin üzərinə insan kapitalının inkişafı kimi mühüm vəzifə düşür. Bunun həyata keçirilməsi üçün ali məktəblər tədqiqatlara üstünlük verməlidrlər. İlk tədqiqat universiteti 1809-cu ildə Vilhelm fon Humbolt tərəfindən Berlində yaradılıb. Klassik tədqiqat Universitetinin mahiyyəti tədris prosesini fundamental elmi tədqiqatlara inteqrasiya etməkdir. “Tədqiqat universiteti” (research university) anlayışi ilk dəfə ABŞ da elmi dövriyyəyə buraxılıb. Və tədiqiqat işlərinin intensiv aparıldığı bir neçə universitet arasında rəqabət mühiti formalaşıb. 2012-cu ilə qədər ABŞ da 260, Almaniyada 70, Böyük Britaniyada 73 tədqiqat universiteti formalaşıb.
Tədqiqat universitetinin missiyası aydın olmalıdır. Şübhəsiz ki, ilk növbədə tələbələrdə tədqiqata motivasiya yaradılmalıdır. Düşünürəm ki, Harvard modeli nümunə kimi götürülməlidir.
Harvard universitetinin tələbələri 3 mühüm tələbə cavab verməlidirlər:
Birincisi, keçdikləri kurslar onlara fikirlərini yazılı şəkildə effektli ifadə etməyi öyrətməlidir;
Xarici dilləri bilməyi biruzə verməlidirlər və biliklərini kvantitativ (quantitative –“kəmiyyət”) metodlarla nümayiş etdirməlidirlər: Kompüter bilgiləri, ədədi göstəricilər və baza statistik metodlardan baş çıxarmalıdırlar.
Bu kompetensiyaların formalaşdırılması üçün tədqiqatçı alimlərin üzərinə böyük yük düşür.
Tanınmış universitetlərdə hesab edirlər ki, tədqiqat – professorların işinin ayrılmaz tərkib hissəsi olmalıdır. Yalnız elmlə aktiv şəkildə məşğul olan professor öz sahəsində son tədqiqatlardan məlumatlı olur və bu səbəbdən dərs dediyi materialı daha dərindən bilir.
Digər tərəfdən, dərs demək elmi tədqiqatlar üçün olduqca vacibdir. Yəni tələbələrə mürəkkəb materialları başa düşüləcək səviyyədə izah etmək üçün lektor problematikanı və elmi paradiqmaları daha yaxşı və dərindən bilməlidir. Dərs demək və tədqiqat aparmaq bir-birilərini tamamlamalıdır.
Dünyanın ali təhsil sistemləri çərçivəsində yaradılan tədqiqat universitetləri peşəkarların, alimlərin, tədqiqatçıların hazırlanmasında, həmçinin milli innovasiya sisteminin dəstəklənməsi üçün yeni biliklərin istehsalında mühüm rol oynayır.
Fənlərarası yanaşma fenomeni tədqiqat universitetlərinin nüvəsini təşkil edir. Bu termin informasiyaları, alətləri, nəzər - nöqtələrini, konsepsiyaları, nəzəriyyələri və bir sıra elmi istiqamətlərdə biliklər selini, yaxud tədqiqat praktikasında bir elmin çərçivəsində olan problemlərin öyrəniməsini ifadə edir. Yaşadığımız əsrdə elmlərin sərhədlərinin silinməsi artıq heç bir şübhə doğurmur. Məsələn, kompyuter elmləri vaxtilə böyük riyaziyyatı tələb edirdi, indi bu, artıq fotonika və kvant fizikasının qaynağındadır.
Ölkəmizdə fənlərarası ixtisaslar üzrə mütəxəssis hazırlığına xüsusi diqqət yetirmək lazımdır.
Təhsil və elmin vəhdətini gücləndirməklə tədqiqat universitetlərinin yaradılmasına nail ola bilərik. İndi ölkələrin elmi potensialı tədqiqat universitetlərinin tutumu ilə ölçülür.
Tehsil-press.az